Alim Qasımov: "Yaradan hər dəfə məni bir işarə ilə fikrimdən döndərib"

Alim Qasımov: "Yaradan hər dəfə məni bir işarə ilə fikrimdən döndərib"
20:12 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Alim Qasımov avazı ilə ürəkləri riqqətə gətirən, bizi başqa bir aləmə aparan, bəlkə də yeganə xanəndədir.
 
Milli.Az buro247.az-a istinadən ustadın müsahibəsini təqdim edir:
 
- Xarakterinizdə hansı xüsusiyyəti bəyənmirsiniz?
 
- Ən sevmədiyim cəhətim səbirsizliyimdir. Hərdən buna görə özümü danlayıram. Ancaq elə anlar olur ki, dözümlülüyüm məni heyrətləndirir.
 
- Lakin sizi səhnədə görərkən elə bir təəssürat yaranır ki, xanəndələr böyük səbr sahibidirlər.
 
- Məsələ ondadır ki, muğam ifa edən zaman sanki nəfəs almaq, yaşamaq uğrunda mübarizə gedir. Bir də görürəm, beynim artıq heç nə qavramır və mən təslim oluram. Fövqəladə musiqi məhz bu an yaranır. Hətta minlərlə tamaşaçı qarşısında olanda belə, mənə elə gəlir ki, muğamı yalnız özüm üçün ifa edirəm. Yəqin ona görə də ətrafdakılar səbrimin sarsılmaz olduğunu düşünürlər.
 
- Özünüzlə mübarizə apardığınız anlar olub?
 
- Bu, gündəlik həyatımın bir hissəsidir. Bəziləri elə bilir ki, məndə qeyri-adi, fövqəladə qüvvə var. Ancaq əslində mən də hamı kimi adi bir insanam. Var-dövlət, cah-cəlal dünya malıdır və dünyada qalacaq. Əsas odur ki, özünlə mübarizə aparmağı, nəfsinə qalib gəlməyi bacarasan.
 
- Sizi nə ilə təəccübləndirmək olar?
 
- Məni ən sadə şeylər belə, təəccübləndirə və sevindirə bilər. Məsələn, körpə uşağın gülüşü, xoş söz, səmimi münasibət.
 
- Səmimi deyilən sözlə qeyri-səmimini bir-birindən necə ayırırsınız?
 
- Bu çox müşkül məsələdir. Baxmayaraq ki, 56 yaşım var, ancaq hələ də insanların ürəklərini oxumağı bacarmıram. Bəlkə bu sizə bir qədər qəribə gələcək, ancaq mən həqiqətən də insanlara, onların vicdanına inanıram.
 
- Mənə elə gəlir ki, əgər Allah sizə belə istedad veribsə, sizi əminliklə onun sevimli bəndəsi adlandırmaq olar...
 
- Yaradan hər bəndəsinə bir istedad verib. Ancaq heyf ki, insanlar çox zaman bunu dərk etmirlər. Heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa bu qədər tanına, sevilə, insanların hörmətini qazana bilərəm. Amma əgər Allah belə buyurubsa, mənə ancaq şükr etmək və onun bəxş etdiyi bu vergini qoruyub saxlamaq qalır.
 
- Həyat fəlsəfəniz nədir?
 
- Çoxları mənim qəliz adam olduğumu düşünür. Əslində bu heç də belə deyil. Mən kənddə anadan olub böyümüşəm. Kənd həyatında isə hər şey sadədir. Şadam ki, bu sadəliyi indiyə qədər qoruyub saxlamışam. Sadəlik və səmimilik mənim həyat fəlsəfəmdir.
 
- İlham pərisinə ehtiyacınız varmı?
 
- İstənilən yaradıcı adamın buna ehtiyacı var. Ancaq mənə ilham verən qüvvə İlahidən gəlməlidir. İnsan sevgisi bu gün var, sabah yoxdur, Allaha olan sevgi isə əbədidir. Bu sevgidən ilham alıram.
 
- Nə vaxtsa sənətdən getmək barədə düşünmüsünüzmü?
 
- Əgər siz bu sualı mənə verməsəydiniz, pərəstişkarlarıma, sənətimə dəyər verən insanlara hörmətsizlik olmasın deyə, heç vaxt bu haqda danışmazdım. Düzünü desəm, belə anlar çox olub. Ancaq Yaradan hər dəfə məni bir işarə ilə fikrimdən döndərib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/51455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR