Beynəlxalq saxtakarlar harada gizlənir?

Beynəlxalq saxtakarlar harada gizlənir?
21:12 17 Yanvar 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Rusiyanın Gümrüdəki hərbi bazasında qulluq edən rus əsgərin bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi, bir körpəni isə ölümcül yaralaması fonunda baş verən hadisələr Ermənistanda sonu görünməyən və ölkə üçün heç də yaxşı nəticələr vəd verməyən gərgin proseslərin başlanğıcını qoydu.
 
 
Dinc insanları qətlə yetirdiyinə görə rus hərbçinin Ermənistan hakimiyyətinə təhvil verilməsini tələb edən aksiya iştirakçıları ilə polis arasında qanlı toqquşmalar baş verdi və bu toqquşmalar tərəflər arasında xeyli sayda insanın, o cümlədən jurnalistlərin ağır xəsarət alması ilə yanaşı, kütləvi həbslərlə də yadda qaldı. Hətta saxlanılanlara qarşı “xuliqanlıq” və “dövlət nümayəndələrinə güc tətbiq etmə” maddələri ilə cinayət işi qaldırıldı.
 
 
Ancaq təəccüb doğuran məsələlərdən biri də odur ki, həmişə özünü demokratiya və insan haqları təəssübkeşçisi kimi nümayiş etdirən, Azərbaycanda ən xırda hadisəyə belə dərhal kəskin reaksiya verən və bundan ölkəyə təzyiq vasitəsi kimi istifadə edən “Human Rights Watch”, “Freedom House” və digər bu qəbildən olan beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu miqyasda zorakılıqlara göz yumurlar.
 
 
Axı, nədən dünyada sülhə və təhlükəsizliyə öz layiqli töhfəsini verən, beynəlxalq antiterror əməliyyatlarında fəal iştirak edən, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda nəsə xırda hadisəyə belə, bu təşkilatlar yeri gəldi-gəlmədi tez reaksiya verirlər, qərəzli bəyanatlar səsləndirirlər, ancaq dünyaya heç bir xeyri dəyməyən, əksinə, sülhə və təhlükəsizliyə təhdid olan Ermənistanda baş verən hadisələrlə bağlı susqunluq nümayiş etdirirlər?
 
 
Bunun bir neçə səbəbi var. Əsas səbəb isə odur ki, bu beynəlxalq təşkilatlar əslində insan hüquqlarının müdafiəsi üçün yox, böyük güclər tərəfindən öz maraqlarını həyata keçirmək məqsədilə hansısa ölkələrə təzyiq göstərmək üçün yaradılıb və bu gün də konkret tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Onların maraqlarına cavab verəndə reaksiya verirlər, verməyəndə isə yox.
 
 
Əgər Ermənistanın yaranma tarixinə qısa nəzər salsaq, bu ölkənin məhz Azərbaycan və Türkiyəyə təzyiq vasitəsi kimi Azərbaycanın tarixi torpaqlarında yaradılmış oyuncaq bir ölkə olduğunu görə bilərik. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin bu günə qədər həllini tapmaması, o cümlədən qondarma “erməni soyqırımı”na Avropa ölkələrinin dəstək verməsi bunun bariz nümunəsidir.
 
 
Belə olan halda isə təzyiq vasitəsi kimi yaradılan bir təşkilat elə təzyiq vasitəsi kimi yaradılan bir dövlətdə baş verən zorakılıqları nə üçün pisləməlidir? Axı bu onların prinsiplərinə ziddir. Bax, budur dünyanın ədaləti!
 
 
Elçin Mehdiyev
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR