Radikal İslama qarşı birgə mübarizə elan etdilər

Radikal İslama qarşı birgə mübarizə elan etdilər
21:57 17 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın baş naziri David Cameron və ABŞ prezidenti Barack Obama öz ölkələri daxilində və xaricdə İslam ekstremizmi ilə birgə mübarizə üçün əzmkarlıq ifadə ediblər.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, Ağ Evdə keçirilən danışıqların ardınca yer alan mətbuat konfransında iki lider həm də İraqda İslam Dövləti adlanan təşkilata qarşı mübarizə tədbirlərini açıqlayıblar.
 
“Radikal İslamın zəhərli ideologiyası”
 
Prezident və baş nazir onların təbirincə deyilsə, ABŞ və Britaniyanın İslam ekstremistlərinin “zəhərli ideologiyasına” qarşı mübarizə əzmində olduğunu bildiriblər və əlavə ediblər ki, şəxsi sirlərin qorunması prinsipinin mövcudluğuna baxmayaraq, kəşfiyyat orqanlarına yaraqlıları internetdə izləmək imkanı yaradılmalıdır.
 
Obama və Cameron-un iki gün davam edən görüşü Avropada İslam təməlçiliyi ilə bağlı terror aktlarının törədildiyi narahat vaxta təsadüf edir.
 
“Biz dünyanın ən böyük dinlərindən biri olan İslamı eybəcərləşdirmək, münaqişə, terror və ölüm saçmaq istəyən zəhərli və fanatik ideologiya ilə üzləşmişik. Biz müttəfiqlərimizlə birlikdə, harada zühur edirsə etsin, buna qarşı çıxacağıq” – deyib baş nazir Cameron.
 
Yeni texnologiyalar izləməni çətinləşdirib
 
Barack Obama bildirib ki, o və Cameron təkcə kəşfiyyat və hərbi qüvvə ilə bu işin öhdəsindən gəlinə bilməyəcəyini qəbul ediblər.
 
Əvəzində iki lider “insanları səfərbərliyə alan və radikallaşdıran zorakı ekstremizmlə” mübarizə strategiyasının işlənməsini təklif ediblər.
 
Onlar bildiriblər ki, ekstremistlərin internet vasitəsilə əlaqələr yaratması və səfərbərlik təbliğatı aparması hökumətlər üçün əsl problemə çevrilib.
 
Barack Obama və David Cameron həmçinin hökumətləri hücumlar törətmək istəyən ekstermistləri izləmək imkanından məhrum edən yeni elektron şifrələmə məhsullarının istehsalından narahatlıq ifadə ediblər.
 
Mətbuat yazır ki, keçmiş Amerika casusu Edward Snowden-nin açıqlamalarından sonra texnologiya şirkətləri öz məhsullarının izlənməsini önləmək üçün yeni texniki vasitələrə müraciət edirlər.
 
Edward Snowden bildirmişdi ki, hökumətlər öz informasiyalarını Google, Yahoo, Microsoft, AT&T vəVerizon kimi şirkətlərdən əldə edir.
 
“Bizə arxa qapı lazım deyil”
 
David Cameron texnologiyalar istehsal edən şirkətlərə müraciətlə deyib ki, “biz “arxa qapı” imkanları istəmirik, biz ölkələrimizin təhlükəsizliyini təmin etmək üçün hüquqi çərçivədə ön qapıdan istifadəyə inanırıq”.
 
Barack Obama bildirib ki, vətəndaş azadlıqlarını və şəxsi sirləri müdafiə edən qruplarla debatlar faydalıdır, lakin hökumətləri “böyük qardaş” ssenarilərindən qoruyacaq qanunvericilik mövcuddur.
 
Obama bildirib kİ, ABŞ hökuməti şəxsi sirlərlə ölkə təhlükəsizliyi arasındakı tarazlığın əldə olunması üçün texnoloji firmalarla müzakirələr aparır.
 
ABŞ prezidenti təəssüflə bildirib ki, sosial media və internet terrorçu təşkilatların başlıca ünsiyyət vasitəsidir.
 
Azacıq fikir ixtilafı
 
Cənab Obama deyib ki, zorakı ekstremizm “artıq metastaz verib və geniş yayılaraq dünya boyunca icmalara sirayət edib”.
 
“Lakin biz bunu mütləq təhlükə hesab etmirik…Biz həm də geniş müsəlman çoxluğunun dəyərlərinin təmsilçisiyik” – deyib prezident.
 
Müşahidəçilər bildirirlər ki, bu, Obama və Cameron-un təhlükəyə reaksiya məsələsində azacıq fərqli baxışlarının yeganə ifadəsi olmayıb.
 
Məsələn, David Cameron Avropada baş verənlərlə əlaqədar təhlükəsizlik xidmətlərinə fövqəladə səlahiyyətlərin verilməsini təklif edərkən, cənab Obama hadisələrə ifrat reaksiya verməməyə çağırıb.
 
O deyib ki, Qərb yalnız baş verən hadisələrə görə yox, ümumən təhlükələri dəf etməyə həmişə hazır olmaldıır.
 
İran məsələsində “dost köməyi”
 
Bununla yanaşı Britaniya mətbuatı iki lider arasındakı emosional yaxınlıq və xüsusi münasibətlərdən yazır.
 
Vaşinqton səfəri zamanı Cameron həmkarı və dostu üçün müəyyən xidmət də göstərib.
 
O prezidentin yanında olarkən telefonla John McCain də daxil olmaqla, üç respublikaçı senatorla söhbət edib və Konqresi, indilik, nüvə danışıqlarının getdiyi bir vaxtdaİrana qarşı daha sərt sanksiyalara əl atmamağa çağırıb.
 
Prezidentlə birgə keçirdiyi mətbuat konfransında David Cameron deyib ki, İrana qarşı yeni sanksiyalar hazırkı vəziyyətdə əks-nəticələr verə bilər.
 
İran başqa, Rusiya başqa
 
Əksinə Rusiya ilə bağlı olaraq, Cameron bəyan edib ki, Moskvaya qarşı sanksiyalıar siyasətində London və Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır.
 
Vaşinqton görüşünün gündəliyi çox ciddi məsələyə - beynəlxalq terrorizmlə mübarizəyə həsr olunsa da, Britaniya qəzetləri cənab Cameron-un səfərini həm də seçki öncəsi kampaniya kimi qiymətləndirirlər.
 
Qəzetlər Barack Obamanın görüş zamanı dediklərindən sitat gətirirlər: “Qısa desək, David böyük dostdur. O mənim dünyada ən yaxın dostlarımdan və ən çox inandığım partnyorlarımdan biridir”.
 
Barack Obama həmçinin bildirib ki, istər ABŞ, istərsə də Britaniya iqtisadiyyatları dirçəlişdədir və deməli “onlar bu işdə bəzi işləri düzgün görürlər”.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR