Kiyevdə “Dünya ədəbiyyatı” jurnalının Ukraynanın qələm ustalarına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub

Kiyevdə “Dünya ədəbiyyatı” jurnalının Ukraynanın qələm ustalarına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub
22:03 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Kiyev, 17 yanvar, AzərTAc
Yanvarın 16-da paytaxtın Taras Şevçenko Milli Muzeyində “Dünya ədəbiyyatı” jurnalının Ukraynanın qələm ustalarına həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunub.
Xəbər verdiyimiz kimi, bir gün əvvəl – yanvarın 15-də Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada “Vsesvit” (“Kainat”) jurnalının 90 illiyinə həsr edilmiş tədbir çərçivəsində bu nəşrin müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin mətbuat orqanının xüsusi buraxılışına Ukraynanın 30 ədibinin – həm klassik, həm də müasir müəlliflərin əsərləri daxil edilib. 300 səhifəlik jurnalda mətnlər iki blok – nəsr və poeziya üzrə təqdim edilib.
Mərasimi açan muzeyin direktoru, bu nəşrin xüsusi buraxılışının Ukrayna tərəfindən əlaqələndiricisi Dmitri Stus bu iddialı layihələrin - iki dost ölkənin jurnallarının xüsusi buraxılışlarını böyük uğurla həyata keçirən bütün iştirakçılarını təbrik edib.
Azərbaycanın Ukraynada səfiri Eynulla Mədətli çıxışında bildirib ki, xüsusi buraxılışda poeziya blokunun Ukraynalıların mənəvi atası, böyük şair və xalqının azadlıq tərənnümçüsü Taras Şevçenkonun “Vəsiyyət” və “Qafqaz” şeirləri ilə başlaması dərin rəmzi məna daşıyır. Diplomat “Dünya ədəbiyyatı” və “Vsesvit” jurnallarının xüsusi buraxılışlarını Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlığın mühüm tərkib hissəsi olan humanitar sahəyə parlaq töhfə adlandırıb. Diplomatik nümayəndəliyimizin başçısı bu uğurun arxasında duran çox böyük təşkilati və yüksək peşəkarlıq işindən danışaraq, bu pilot layihənin bütün iştirakçılarına təşəkkür edib, yeni yaradıcılıq üfüqləri və uğurlar arzulayıb.
AYB-in Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, xüsusi buraxılışın tərəfimizdən əlaqələndiricisi, yazıçı Səlim Babullaoğlu jurnalın xüsusi buraxılışının hazırlanmasında göstərilən təşəbbüsə və dəstəyə görə layihənin bütün iştirakçılarına, o cümlədən Azərbaycanın səfirinə, həmçinin xalq deputatı, Ukrayna Ali Radasının mədəniyyət və mənəviyyat komitəsinin, “Ukrayna-Azərbaycan” parlament dostluq qrupunun üzvü Sergey Tarutaya, “Vsesvit” jurnalının baş redaktoru Dmitri Drozdovskiyə və başqalarına təşəkkürünü bildirib.
“Vsesvit” jurnalının baş redaktoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Dmitri Drozdovski deyib: “Bakıda olarkən Heydər Əliyev Mərkəzinə getdim. Ümummilli lideriniz Heydər Əliyevin Azərbaycanın təbii sərvətini stabillik mənbəyinə çevirdiyinin şahidi oldum. Müdrik dövlət başçısının ənənələri bu gün Prezident İlham Əliyev – dünya səviyyəli siyasətçi tərəfindən uğurla davam və inkişaf etdirilir”.
Ədib həmçinin Azərbaycan səfirliyinin iki ölkə arasında dostluğun möhkəmləndirilməsi, xalqın ən yaxşı mədəni nailiyyətlərinin Ukraynada təbliği üçün çox işlər gördüyünü diqqətə çatdıraraq, bütün bunları məhəbbətlə və keyfiyyətlə etdiyini vurğulayıb.
Sonra Sergey Taruta - yeri gəlmişkən ona həmin gün AYB-yə fəxri üzvlüyünün vəsiqəsi təqdim edilib, - sahibkarlar və xeyriyyəçilər Möhlət Hüseynov və Burzu Əliyev, Ukrayna Millətlər Assambleyasının başçısı Rövşən Tağıyev, Taras Şevçenko adına Kiyev Milli Universitetinin humanitar fakültələr üçün tarix kafedrasının müəllimi Oleq Kupçik, Azərbaycan DİN-in Ukraynada nümayəndəsi, polis polkovniki Şahin Qocayev, Ukrayna art-tənqidçisi, müasir incəsənət kuratoru, “Radio Vesti” radiosunun aparıcısı Konstantin Doroşenko və başqaları çıxışlarında Azərbaycanın bütün sahələrdə, o cümlədən humanitar sahədə inkişafından danışıblar.
Azərbaycanın Əməkdar Artisti Rafiq Həşimovun Mikayıl Müşfiq və Əhməd Cavadın tərcüməsində Böyük Kobzarın “Vəsiyyət” şeirinin səsləndirməsi gur alqışlarla qarşılanıb.
Sonda S.Babullaoğlu ölkəmizin səfirinə AYB-ın sədri, xalq yazıçısı Anarın adından Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin inkişafı və dərinləşməsi işinə töhfəsinə görə fəxri fərman təqdim edib.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kiyevde_Dunya_edebiyyati_jurnalinin_Ukraynanin_qelem_ustalarina_hesr_edilmis_xususi_buraxilisinin_teqdimati_olub-825601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR