Forma və məzmun - vəhdət və ziddiyyət

Forma və məzmun - vəhdət və ziddiyyət
13:22 18 Yanvar 2015
844 Sosial
Ölkə mətbuatı
A- A+

Forma və məzmun fəlsəfi problemlər olsa da, gündəlik həyatda çox rast gəldiyimiz, müəyyən münasibət bəslədiyimiz həqiqətlərdəndir. Forma məzmunu, ikinci də birincisini tamamlayanda harmoniya, gözəllik yaranır. Bəzən onların vəhdətdən çox ziddiyyətli, aldadıcı olduğunu da görürük. Bu barədə bir neçə epizodla davam edək sözümüzə.
 
Kəndimizdə Xeyrulla adlı bir kişi yaşayırdı. Yaşayırdı demək o qədər də doğru deyil, deyilənə görə, rəhmətlik ömrünün çox hissəsini “məcburi istirahətdə” - həbsxanada keçirmişdi. Azadlığa çıxandan qısa müddət sonra “darıxıb” geri qayıtmışdı. Rəhmətliyin bacısı ona: “Xoş gəldin, qardaş!” - demirmiş. Qardaş səbəbini soruşanda da bacı: “Sənə necə “xoş gəldin” deyim axı, bir-iki aydan sonra yenə çıxıb gedəcəksən gəldiyin yerə”, - deyərmiş.
 
Xeyrulla kişi həm də çox baməzə, azadlıqda olduğu müddətdə yeyib-içməklə azad həyatın ləzzətini çıxarmağa çalışan, geyim-keciminə fikir verən adam idi. Həbsxanadan gələn kimi onu işlə təmin edərdilər ki, başı qarışsın. O dövr üçün kənd təsərrüfatında ən incə peşə olan sahə qarovulu təyin edərdilər Xeyrulla kişini. Sanki azadlığın dadını təbiət qoynunda duymaq üçün həkimlər ona təyinat yazırdılar. Rəhmətlik boy-buxunlu idi. Heç kəs onun uzun illər həbsxanada yatmasına inanmazdı. Yaz-yay fəsillərində sifarişlə tikilmiş cırıldayan ayaqqabılar, yaxşı ütülənmiş şalvar və pəhləvan cüssəsinə yaraşan qısaqollu köynək, yay şlyapası və qolunda qızıl bilərzikli saat, ağız dolusu qızıl dişlər bu adamı daha çox sovxoz direktoruna, raykoma bənzədirdi. Onu səhv salanlar da olmuşdu. Uzun müddət briqadir işləmiş rəhmətlik İbad dayı danışırdı: “Bir gün, yayın əvvəllərində Xeyrulla ilə kölgəlikdə oturmuşduq. Bir minik maşını sahəyə daxil olub, düz bizim yanımızda dayandı. Bir neçə nəfər düşüb salamlaşaraq özlərini Bakıdan gəlmiş qonaqlar kimi təqdim etdilər. Bu elmi işçilərin məqsədi müxtəlif təsərrüfatlarda müşahidə aparmaq imiş. Mən və Xeyrulla kişi onlara bələdçilik etməyə başladıq. Bir az gəzdikdən sonra qonaqların başçısı kimi tanıdığımız adam məni yana çəkib, sahə qarovulunu göstərərək: - Bu kişi sovxozun direktorudur? - dedi. Xeyrulla kişinin vəzifəsini biləndə iki əlini qarnının üstünə qoyub gülməyini güclə saxlaya bildi.
 
Daha bir epizod: kəndimizdə Xıdır müəllim dediyimiz çox ziyalı və o qədər də zəhmətkeş, hamının hörmət bəslədiyi bir nəfər vardı. Uzun illər böyük vəzifələrdə işləməsinə baxmayaraq, Sovet dağılandan sonra kəndimizdə ilk ailə kooperativi yaradan adam idi Xıdır müəllim. Bir gün bir məclisdə dedi: - Müəllim, mən sizi öz övladlarıma nümunə göstərirəm. Sizin dərsə getməyiniz diqqətimi çox çəkir, geyiminiz, qoltuğunuzdakı qovluq, ictimai yerlərdə özünüzü aparmağınıza “əhsən!” deyirəm. Üstəlik, nobata gedərkən başınıza qoyduğunuz quzu dərisindən tikilmiş papaq, əlinizdəki çomaq, sürü və naxırın axşam tox gəlməsinə də “əhsən!” deyirəm, çünki siz əslinizi, çoban oğlu olduğunuzu danmırsınız.
 
Doğrusu, mən buna heç fikir verməmişdim. Bir dəfə də özüm forma və məzmun münasibətini yaşamalı oldum.
 
Mobil telefonların həyatımıza yenicə daxil olduğu illər idi. Bazar günü oğlumla naxıra getmişdim, Xıdır müəllimin dediyi kimi, çoban forması geymişdim. Kəndimizin təpəlikdə yerləşən örüşlərindən birinə sürdük naxırı. Bir az getdikdən sonra bir “Cip”in meşədən keçən palçıqlı yol ilə getdiyimiz təpəyə dırmandığını gördük. Mən bunun əcnəbi olduğunu və telefonla danışmaq üçün yüksəkliyə çıxdığını anladım. Oğluma qayıdarkən qonaqla zarafatlaşacağımı dedim. Oğlum da təbəssümlə bəyəndi fikrimi. Biz də örüşə çatdıq. Aralıda əcnəbinin telefonla danışdığını gördük. Bir azdan o, maşınına minib yol ilə geri qayıtdı. Yavaş sürətlə gəlirdi. Sanki örüşə yayılıb otlayan naxırı seyr edirdi. Mən yolun sağına keçib, onun həndəvərimə çatmasını gözlədim. “Cip” yanıma çatar-çatmaz əlimi qaldırdım. Sürücü maşını əylədi. Ondan ingiliscə köməyə ehtiyacı olub-olmadığını soruşdum. Qonağın gömgöy gözləri böyüdü, kabinənin şüşəsini bir az da aşağı endirib, təşəkkür etdi və mənim kim olduğumu soruşdu. Mən göründüyü kimi, adi bir çoban olduğumu dedim. Əcnəbi hələ də heyrət içində: “Ola bilməz!” - dedi. O, ingilis dilini necə və harada öyrəndiyimi soruşdu. Universitet təhsilimdən bəhs edəndə gülməyimi saxlaya bilmədim, müəllim olduğumu, oğlumla naxıra gəldiyimi bildirməli oldum. Phill Pristridge adlı, kəndimizdəki “Long Forest” istirahət zonasının investorlarından biri, ingilis qonaq o ki var güldü...
 
Forma və məzmunla bağlı başqa bir epizodun qəhrəmanı öz zarafatları ilə tanınan İmran kişidir. Artıq yetmişinə yetişmiş İmran kişi gəncliyində daha zarafatcıl idi. Bir dəfə İmran kişi atası rəhmətlik Ağasəf dayı ilə eyni bir məclisdə iştirak edirmiş. Ağasəf dayı yaşlı olmasına baxmayaraq, yaşına görə çox cavan görünürdü. İmran da zahirən atası kimi idi. Bu oxşarlıq qonaqlardan birinin diqqətini çəkir. İmrandan məclisin o başında oturmuş kişinin kim olduğunu soruşanda İmran yaşıdı kimi görünən atası üçün “Böyük qardaşımdır”, - deyir.
 
Forma və məzmun ahəngi ciddi məsələlərdə böyük rol oynayır. Biz orta məktəbdə oxuyanda tarix kitablarımızda Böyük Vətən müharibəsi (1941-1945) mövzusunu çox həvəslə öyrənərdik. Bu mövzunun məzmununu daha da təsirli edən amillərdən biri “Ana Vətən çağırır!” portreti idi. Gürcü rəssamı İrakli Toidze (1902-1985) tərəfindən 1941-ci ilin iyun ayının sonunda çəkilmiş bu sənət əsəri bizlər üçün bu gün də aktualdır. O zaman bütün anaların siması, demək olar ki, eyni idi və hər birimiz onu öz anamız hesab edirdik. İndi bizim rəssamlarımıza milli ana portreti çəkmək tapşırılsa, onlar çətinliklə üzləşərlər. Bu gün ana qızdan, qayınana gəlindən, az qala, seçilmir. “Ana” obrazı öz əslindən o qədər uzaqlaşıb ki, gəl görəsən.
 
Forma-məzmun məsələsi klassik ədəbiyyatımızda da haqqında çox söz deyilən mövzulardandır. Həmin xəzinədən də bir neçə nümunəyə nəzər salaq:
 
... Soruşun, Qul Abbas, halın necədir?
 
Gündüzlərim ay qaranlıq gecədir.
 
Sərv ağacı hər ağacdan ucadır,
 
Əsli qıtdır, budağında bar olmaz.
 
Gün kimi aydın həqiqət: boy-buxun, zahiri gözəllik və əslin qıtlığı, barsızlıq, faydasızlıq ziddiyyəti.
 
... Xəstə Qasım kimə qılsın dadını?
 
Canı çıxsın, özü çəksin odunu,
 
Yaxşı igid yaman etməz adını,
 
Çünki yaman addan ölüm yaxşıdı.
 
İgidin igidliklərindən biri, bəlkə də, birincisi öz yaxşı adının ləkələnməsindənsə ölümünü üstün tutmasıdır. Eyni ahəngdarlıq Aşıq Hüseyn Bozalqanlıda da çox doğma səslənir:
 
... Arsız qohum xalqı sənə güldürər,
 
Pis qardaşın dərdi adam öldürər.
 
Hüseyn deyər, yıxılsan da qaldırar:
 
İgid düşmən, ilqarlı dost, yaxşı yad.
 
İnsan göydən yerəcən, yerdən göyəcən forma və məzmun harmoniyası nümunələri ilə dolub-daşan kainat kitabını layiqincə oxumağa tənbəllik edir. Nə olduğumuz kimi görünə, nə də göründüyümüz kimi ola bilirik. Səhər dost olan axşam düşmənə çevrilir, bu gün qardaş deyən sabah qara daş olub başını əzir, ədalətin gözünə barmağımızı dürtürük, demokratiyanın boğazına da yumruğumuzu. Özlərini dünya gücləri adlandıran, dünyaya bahar gətirmək bəhanəsi ilə öz bədnam əməlləri ilə onu bütün fəsillərə həsrət qoyan güc sahibləri öz başlarına müsibət gələnəcən bütün həqiqətlərə göz yumurlar.
 
Özlərini dünya mədəniyyətinin paytaxtı kimi göstərməyə çalışaraq, digərlərinin milli-mənəvi dəyərlərini təhqir etməkdən çəkinməyən böyük dövlətlər öz formalarına uyğun davransalar, dünyamız rahat nəfəs alar.
 
Allah-Təala insana hər şeyə və hər kəsə özünün qoyduğu ölçülərlə yanaşmağı nəsib eləsin! Allah içimizlə çölümüzün vəhdətini təmin edən insaf körpüsünün dayaqları olan inam və etibarımızı gücləndirsin. Amin!
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR