Türkiyənin “Yeni çağ” qəzetində Azərbaycanın baş konsulunun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc olunub

Türkiyənin “Yeni çağ” qəzetində Azərbaycanın baş konsulunun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc olunub
14:33 18 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul , 18 yanvar, AzərTAc
Türkiyənin çoxtirajlı “Yeni çağ” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun 20 Yanvar faciəsindən bəhs edən “Qanla yazılan şanlı tarix” sərlövhəli məqaləsini dərc edib.
“Yüzlərlə insan qətlə yetirildi”, “Qorbaçov və ətrafı”, “Bir milyon qaçqın” və “Bir millət, iki dövlət” yarımbaşlıqları ilə təqdim olunan məqalədə 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə türkdilli oxuculara geniş məlumat verilir. Qanlı Yanvar faciəsinin təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları ilə birbaşa bağlı olduğunu əsaslandıran müəllif yazır ki, Mixail Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik siyasəti xalqımızın kəskin etirazına səbəb olub. Təsadüfi deyildir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tutduğu bütün vəzifələrdən uzaqlaşdırılandan az sonra ermənilərin ölkəmizə qarşı ərazi iddiası Azərbaycandakı ictimai-siyasi sabitliyi pozub.
Azərbaycan ərazilərinin iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğalda saxlanılmasını, bir milyondan artıq azərbaycanlının öz dədə-baba torpaqlarından çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsini diqqətə çatdıran diplomat yazır ki, bütün bunlar Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün həyata keçirilmiş düşmənçilik siyasətinin nəticələridir. Vurğulanır ki, faciənin baş verdiyi o ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər ərazilərində baş verən hərbi cinayəti törədənləri kəskin ittiham edərək qanlı faciənin dünya ictimaiyyətindən gizlədilməsinə imkan vermədi. Sonrakı illərdə isə Ümummilli Liderimiz qətiyyəti sayəsində hadisəyə siyasi və hüquqi qiymət verildi. Ulu öndər Heydər Əliyev böyük müdrikliklə xalqımızın müstəqil dövlət qurmaq arzularını gerçəkləşdirdi. 20 Yanvar faciəsi qanla yazılan şanlı tarixə çevrildi.
Məqalənin sonunda Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərinin tarixi əhəmiyyəti ilə bağlı fikir və mülahizələrini bölüşən müəllif qeyd edir ki, 20 Yanvar faciəsini böyük kədərlə qarşılayan qardaş Türkiyə xalqı həmişə Azərbaycanla həmrəy olub. Əminliklə vurğulanır ki, tarixin bütün dövrlərində sevinc və kədərləri bir olan xalqlarımız bundan sonra da bir-birilərinin maraq və mənafelərini əzmlə müdafiə edəcəklər.
Məqaləni aşağıdakı linkdə oxumaq mümkündür:
http://www.yenicaggazetesi.com.tr/kanla-yazilan-sanli-tarih-108533h.htm

Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Yeni_chag_qezetinde_Azerbaycanin_bas_konsulunun_20_Yanvar_faciesinden_behs_eden_meqalesi_derc_olunub-825633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR