Bakı, 27 may, AZƏRTAC
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşları bu günlərdə Şamaxı, Ağsu və İsmayıllı rayonlarına səfər edəcəklər. Səfərin məqsədi mədəni irs və turizm infrastrukturlarında çalışanlar, eləcə də fiziki imkanları məhdud olan insanlar arasında sorğular keçirmək, mehmanxana şəbəkəsi, mədəniyyət ocaqları, tarixi, memarlıq, təbiət, mədəniyyət abidələri, xəstəxana, tibbi yardım və digər obyektlərin turistik, arxeoloji, ekoloji, etnoqrafik, memarlıq baxımından monitorinqini aparmaqdır.
Belə ki, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2015-ci ilin aprelindən “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasina dəstək” adlı layihəni həyata keçirməyə başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılır.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Azərbaycanda yaşayan 500 min nəfərdən çox fiziki imkanları məhdud şəxsin tarix və mədəniyyət abidələrinə, arxeoloji qazıntı sahələrinə, muzeylərə, digər mədəni irs obyektlərinə marağını və sosial həyata inteqrasiyasını təmin etmək, onların cəmiyyətin bir parçası kimi ölkəmizdə baş verən bütün hadisələrin fəal iştirakçısına çevrilmələrinə kömək göstərməkdir.
Layihə çərçivəsində fiziki imkanları məhdud olan insanlar üçün Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisindəki əlverişli şəraitə malik obyektlərin statistikası və monitorinqinin aparılması, ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyəti olan turizmin bu seqmentinin öyrənilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, destonasiya mərkəzlərinin yaradılması və idarə edilməsi üzrə tövsiyələrin verilməsi və Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin timsalında nümunəvi inklüziv turizm obyektinin yaradılması nəzərdə tutulur. Bunun üçün ilk növbədə Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində aparılan arxeoloji qazıntı sahələrinə baxış keçiriləcək, ətraf ərazilərdə infrastrukturun monitorinqi aparılacaq, fotoşəkilləri çəkiləcək. Həmin bölgələrdə fəaliyyət göstərən mədəniyyət və turizm infrastrukturlarında çalışanlar, əlillər arasında sorğular aparılacaq. Turizm üzrə ekspertlərin, memarların, əlillərin reabilitasiyası, inşaat və nəqliyyat üzrə mütəxəssislərin iştirakı ilə ərazinin inklüziv turizm baxımından potensialı dəyərləndiriləcək, təklif və tövsiyələr hazırlanacaq.
Şamaxı, Ağsu və İsmayıllı rayonlarında əlillər, turizm, mədəniyyət, tibb işçiləri üçün inklüziv turizmin imkanları və perspektivləri mövzusunda seminarlar keçiriləcək. Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində əlillərin rahat hərəkətini, onların kompleksdə təklif olunan xidmətlərdən rahat istifadə etməklə mədəni irs dünyamıza qovuşmasını təmin etmək məqsədilə kompleksdə xüsusi nümunəvi şəraitin yaradılması planlaşdırılır.
Monitorinqlərin nəticələrinə əsasən inklüziv turizm üzrə Şamaxı, Ağsu və İsmayıllı rayonlarına turpaketlərin hazırlanması, Azərbaycan və ingilis dillərində bələdçi mətnlərinin tərtibi və onların görmə imkanları məhdud insanlar üçün Brayl əlifbası ilə və səsli formatda, eşitmə və danışma imkanları məhdud insanlar üçün surdotərcümə ilə yerinə yetirilməsi nəzərdə tutulur. Bu mərhələdə həmçinin layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək, “İnklüziv turizmin imkanları və perspektivləri” üzrə tövsiyə kitabının və turpaketlərin təqdimatı olacaq .
Layihənin rəhbəri “MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.