Talışları təhqir edən diktora cavab

Talışları təhqir edən diktora cavab
20:22 18 Yanvar 2015
508 Sosial
Ölkə mətbuatı
A- A+

Diktor Xalidə Əhmədova ANS-in efirində astaralı bir gəncin ləhcə ilə danışığını ona irad tutur. Buna qarşı sosial şəbəkələrdə müxtəlif etirazlar səsləndirilir. Bir sonrakı verilişdə Xalidə Əhmədova həmin şəxslərin ünvanına “it hürər, karvan keçər”, “biz o səviyəyə inmeyelim” kimi fikirlər deyir.
 
Mən Xalidə Əhmədovaya səslənirəm, sizin bu sözünüzə etiraz edənlər kim oldu? Əlbəttə ki, böyük qismi talışlardan ibarət bir kütlə. Siz həmin kütləyə “it hürər, karvan keçər” deyirsiz? Hansı ixtiyarla? Hansı haqla?
 
Axı siz efirdə astarlı bir gəncə saqqız çeynəyə-çeynəyə “get, o Talış ləhcəsini təmizlə ağzundan” deyən və bir sonrakı buraxılışda sizin bu ləhcəyə qarşı nitqinizə etiraz edən insanlara “it hürər, karvan keçər”, “biz o seviyyəyə inmeyelim” deyən insansınız.
 
Mən sizin ləhcəyə qarşı etirazınıza bir söz demirəm. Haqlısınız. Müğənni, aparıcı, yazıçı və digər bu kimi kütlə ilə əlaqəli vəzifələrdə çalışan şəxslər ləhcə ilə danışmamalıdır. Amma bunu efirdə saqqız çeynəyən bir diktor irad tuta bilməz! Çünki, efirdə saqqız çeynəmək ləhcə ilə danışmaqdan daha böyük ədəbsizlidir.
 
Həm fərqli təbiəti, həm təbii sərvəti, həm qəhrəman şəxsiyyətləri ilə bu ölkəyə və bu millətə yüksək xidmət edən böyük bir zümrəni “it” adlandırmaq nə deməkdir? Ən birinci sizin öz şəxsi tərbiyəniz, daha sonra peşənizin əxlaqı buna necə icazə verir? Mən həqiqətən təəccüb və heyrət içindəyəm.
 
Əvvəlcə, siz özünüz dügün danışıq normalarına riayət etmirsiz, zəhmət çəkin, öz danışığınızı düzəldin. “Ağzından” sözü “ağzundan” kimi deyilmir. Danışığınız biraz şivə, biraz da “sovet qoxuyur”! Efirdə Azərbaycanın öz doğma bölgələrinin ləhcəsi ilə danışmaq olmaz amma “biz o seviyəyə inmeyelim” deyib Türkiyə türkcəsi ilə danışmaq olar? Siz bizim ədəbi dilimizi, orfoepik normalarımızı özünüz öyrənin, sonra başqalarına öyrədərsiz!
 
Efir mədəniyyətini ədəbsizliklə pozaraq bir millətin ünvanına “it hürər, karvan keçər” demək yarım əsrə yaxın diktorluq təcrübəsinə və talış torpağının gəlini olan bir qadına yaraşmaz! İşin ən təəccüblü yeri odur ki, Davud Əhmədov lənkəranlıdır və sizin həyat yoldaşınızdır. Üstəlik, siz o fikri səsləndirəndə Davud Əhmədov özünü ya eşitməməzliyə vurur ya da sizdən qorxduğu üçün dinmir. Əgər Davud Əhmədov bilə-bilə və eşidə-eşidə sizin bu ədəbsizliyinizə göz yumursa, o da sizinlə eyni ədəbsizliyi təkrarlamış olur. Özü də təhqir etdiyiniz bir zümrənin nümayəndəsidir. Sizin təhqirinizə ən birinci etirazı Davud Əhmədov özü səsləndirməli idi. Gəlini olduğu torpağın millətini təhqir edən arvadı yetmiş yaşı da olsa, boşamaq lazımdır, Davud müəllim!
 
Mən bütün talışların adından çıxış edirəm və bütün talışların bu ixtiyarı mənə verdiyinə əmin olaraq deyirəm ki, Xalidə Əhmədova səsləndirdiyi həmin fikirə görə üzür istəməli, böyük bir qəbahət işlətdiyini, böyük bir tərbiyəsizlik, mədəniyyətsizlik, ədəbsizlik etdiyini etiraf etməlidir! Yoxsa, Xalidə Əhmədova özünə qarşı daha böyük etirazlar görəcək! Ömrünün-günün ahıl yaşında bu cür ədəbsizliklə bütün illər boyu qazandığı hörməti-ehtiramı puç etmək istəməz yəqin...
 
Orxan Bahadırsoy
Modern.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/50456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR