Türkün sözü və özü (VİDEO)

Türkün sözü və özü (VİDEO)
22:16 18 Yanvar 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

İlham Əliyev Türkiyəyə buna qədər də səfərlər edib. Amma bu səfərin bir əhəmiyyətli fərqi var. Etiraf edək ki, bu gün Türkiyə üçün də, Azərbaycan üçün də asan deyil. Hər iki dövlət ciddi təzyiqlər və basqılarla üzləşir. Ona görə də Türkiyənin Azərbaycan liderini qarşılama mənzərəsində möhtəşəm bir rəmzilik var idi. Türkiyə və türklər bütün tarixi ilə birlikdə İlham Əliyevi qarşılamağa çıxmışdılar.

Türkiyədə yeni istifadəyə verilən Aksaray əslində Türkiyə cəmiyyəti üçün bir problemli Aksaraydı. Çünki bunadək Türkiyənin bütün prezidentiləri Çankaya köşkündə oturmuşdu. Amma Rəcəb Tayyib Ərdoğan Çankaya köşkünə etimad göstərmədi. Rəhmətlik Turqut Özalın dediyi ifadələri bir növ təkrarlamış oldu. "Bütün divarlar Qərbin dinləmə aparatları ilə doludur" fikirlərinin üzərində dayanıb yeni bir saray inşa etdirdi və adını da partiyasının adına uyğun qoydu. Aksaray. Aksaray bu gün qapılarını Azərbaycan üçün açdı.

Ankarada hava çox soyuq idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün istifadəyə verilən Aksaray ətrafında gedən müzakirələrin fonunda bu saray da insanda soyuq təəsürat yaradırdı. Düzdü bizdən bir gün əvvəl Fələstin lideri Mahmud Abbas sarayda olmuşdu, amma onun üçün bu cür qarşılanma olmamışdı. Türklər prezidentin protokoluna edilən dəyişikliyi Azərbaycan Prezidentinin gəlişinə saxlamışdılar. Adətən görməyə öyrəşdiyimz qırmızı xalını türklərin olan mavi rəngli xalçası əvəzlədi. Budur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aksarayın qapısında göründü. Ərdoğan İlham Əliyev görüşməsini isə qədim türklərə məxsus olan DİRÇƏLİŞ musiqisi müşaiyyət edirdi.

İki prezidentin çox səmimi görüşü ortaya bir istilik gətirdi. İstər təkbətək, istərsə də geniş tərkibli görüşdə ortaq bir xətt var idi. Qardaşlıq, doğmalıq və qarşılıqlı inam. Əslində görüş Azərbaycan və Türkiyəyə artan təzyiqlərin fonunda olduqca vacib idi. İlham Əliyevin təbirincə desək bu 2015-ci ildə iki strateji, dost və qardaş ölkənin plan təsdiqləməsi idi. Nəzərə alsaq ki, qarşıda hələ qondarma erməni soyqırımı kimi bir tarix gəlir, o baxımdan görüşdə prezidentlərin deyəcəkləri də çox vacib idi. Məsələn, Türkiyənin ən yaxın müttəfiqi olan Amerika Birləşmiş Ştatları erməni lobbisinin dəstəyi ilə hətta qondarma soyqırımı simvolizə edən saxta xalçanı Ağ Evin kəndarında da sərdi. Türkiyəyə isə anlatmağa çalışdılar ki, bu bizlik deyil, sadəcə demokratiyadan irəli gələn addımdır. Digər tərəfdən isə Rəcəb Tayyib Ərdoğanın Serj Sarikisyana hələ cavablandırmadığı dəvət məktubu var idi. Mətbuat konfransında mənim Ərdoğandan soruşmaq istədiyim sual da elə bu olacaqdı ki, o məktuba nə cavab verəcək. Uzaqgörən siyasi liderlər isə bu suallara yer qoymadılar.

“Bu ilin daha bir önəmli addımı 24 apreldə Çanaqqala müharibəsinin 100-cü ildönümüdür. 24 apreldə də dünyada bir çox dövlət və hökümət başçılarına dəvət göndərdik. Amma təbii ki, həssasiyyətimiz xüsusi ilə İlham Əliyev qardaşımla inşallah 24 apreldə Çanaqqalada bərabər olacağıq”, – deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“24 apreldə Çanaqqala zəfərinin tarixini də biz birlikdə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə də sizə öz adımdan və Azərbaycan xalqı adından çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəmki bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər”, – deyə Azərbaycan prezidenti İlham Əliyev vurğulayıb.

Həqiqətəndə müdrik bir qərardı. Çünki, Çanaqqala zəfərinin aperiln 24-də keçirilməsi o deməkdir ki, Ərdoğan İrəvana getmək məcburiyyətində qalmayacaq, hələ bu azmış kimi Ermənistanın məhz o tarixdə ölkəsində görmək istədiyi siyasi liderlər də öz seçimlərini edəcəklər. Ya Türkiyə, ya da Ermənistan. Bu Türkiyənin öz dostlarını daha yaxşı tanıması üçün də bir imkan olacaq. Türkiyə bu görüşdə də bir daha söz vermiş oldu ki, hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında olacaq. Beləliklə Türkiyə - Azərbaycan münasibətlərindəki bu istilik Ankaranın soyuq havasını da isitmiş oldu.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR