Marneulidə 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilib

22:48 18 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 18 yanvar, AzərTAc
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin təşkilatçılığı ilə Marneulidəki Milli Məşğulluq Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən konqresin sədri Əli Babayev Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatındakı yeri və rolu barədə məlumat verib. Bildirilib ki, Gürcüstanda 20 Yanvar faciəsinin ildönümü həmişə qeyd olunur, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir.
Ə.Babayev deyib ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı və müstəqilliyi yolunda canlarından keçiblər. Şəhidlər ölməyiblər. Onlar həmişəyaşar qəhrəmandırlar.
Digər çıxış edənlər bildiriblər ki, Gürcüstanın hər yerində azərbaycanlıların və gürcülərin iştirakı ilə 20 Yanvar hadisələrinə həsr olunan silsilə tədbirləri keçirilir. Tarixən qonşu xalqlar olan azərbaycanlılar və gürcülər, həm də eyni taleyi yaşayıblar. 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlarda həlak olanların xatirəsi bizim üçün çox əzizdir. Bu tədbirdə hər iki xalqın nümayəndələrinin iştirakı buna əyani sübutdur.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Marneulide_20_Yanvar_faciesine_hesr_olunmus_anma_merasimi_kechirilib-825660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR