Böyük Britaniyada ağır hepatitdən əziyyət çəkən uşaqların sayı 145-i ötüb.
Metbuat.az-ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirilib ki, bugünədək uşaqların əksəriyyəti sağalıb, ölən olmayıb.
Alimlər əksər hallarda aşkar edilən hepatit virusunu adenovirus infeksiyası ilə əlaqələndirirlər. Adenovirus soyuqdəyməyə bənzər simptomlar, qızdırma, boğaz ağrısı, bronxit, pnevmoniya, ishal və konyunktivitə səbəb ola bilən ümumi virusdur. Hepatit isə adenovirusun ümumi yan təsiri deyil, buna görə də elm adamları COVID-19 ilə birgə infeksiya, qida zəhərlənməsi və ya dərman kimi yoluxucu olmayan amilləri araşdırırlar.
Bir araşdırma qrupu 1918-ci il qrip pandemiyasından sonra uşaq hepatitinin artdığını qeyd ediblər. Bəzi professorlar isə bu artımı hazırki pandemiya ilə əlaqələndiriblər.
Həkimlər valideynlərə tövsiyə edib ki, uşaqların əl yuma da daxil olmaqla normal gigiyena tədbirlərinə əməl etsinlər.