Hövsanda kütləvi aksiya: bir nəfər öldü - FOTO

Hövsanda kütləvi aksiya: bir nəfər öldü - FOTO
11:57 19 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Hövsan kəndində kütləvi aksiya keçirilir. Musavat.com-un hadisə yerində olan reportyoru xəbər verir ki, buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir.

Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Yerli sakinlər reportyorumuza danışıblar ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?"

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

Reportyorumuz xəbər verir ki, polis hərəkətə keçib və 3-4 nəfər kənd ağsaqqalı ilə danışıqlar aparır ki, camaat sakitcə dağılışsın. Camaat isə çox hiddətlidir və sakitləşmirlər.

Bildirilir ki, ölən şəxsin 21 yaşı var, əsgərlikdən bu yaxınlarda gəlibmiş.

Əməkdaşımızın verdiyi xəbərə görə, aksiya zamanı daha bir yaşlı adamın ürəyi gedib və onu xəstəxanaya aparıblar.

Suraxanı Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildiriblər ki, idarənin məsul şəxsləri hadisənin araşdırılması məqsədilə məktəbə ezam olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

"Yeni Müsavat"







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR