“Əgər həyat yoldaşın namaz qılmırsa, boşana bilərsən...” - Dindar ərəbin dedikləri dəhşətə gətirdi

İnanılmaz olan bir şey baş verəndə inandığın nə varsa sorğulamalı olursan...

Hər birimizin qəlbində inanmaq hissi var. Kimisi Tanrıya inanır, kimisi Allaha, kimisi öz qəlbinin aynasında olana. Məsələ inanmaqdırsa bu hiss qəlbimizdə doğulduğumuz zaman deyil, zamanla yuva edir. İnandıqlarımız istər dini şəxsiyyətlər olsun, istərsə də bizə güc verən varlıq olsun ona duyduğumuz bu hissdən ilhamlanıb yaşayırıq. Biz hesab edirik ki, dini imanımızın varlığı bizi saflaşdırıb mükəmmələ yaxın edir. Həyata gəldiyimiz gündən etibarən valideynlərimiz, ətrafımız, bizi sevənlər cənnət və cəhənnəmin varlığı barədə həmçinin pis-yaxşı əməlin mükafatı olduğunu bizi eşitdirirlər. Yetkin yaşa çatanda anlayırsan ki, kimisə incitmək, zorakılıq, qaba əməlin “mükafatı” ağırdır. Bizə deyirlər ki, ömür qatarı son dayanacağa çatan zaman o dünyada açılan əməl dəftərinə görə ruhunun iqamətgahı bəlli olacaqdır. Bəzilərimiz ümumiyyətlə o dünya anlayışını dərk etməsə də qəlbində nifrət, sevgi, bağışlamaq , doğru olanı görüb etmək hissi ilə ömrünün sonuna qədər yaşayır. Onlar heç vaxt bir dəfə də olsun ibadət barədə düşünmürlər. Amma bu dünyada, kainat və digər kainatların - var olanın bir sahibi olduğunun da fərqindədirlər. "Bilmək yox, əməl etmək vacibdir" prinsipinə zidd yaşasalar da təhlükəsiz varlıqlardır...

Yaxşı insan olmaq cənnət vəd edirmi?

Bu günlərdə yaşadığım bir hadisə həyatımda inam hissimi sorğulamağa cəhd etdi. Yaxın qohumlara baş çəkməyə getmişdik. Adətən peşəmdən və maraq dairəmdən irəli gələrək olduğum yerdə dişə dəyən söhbətlərə qoşulub sual və fikirlərimi bildirən bir insan olmuşam. Həmin gün də mövzu İslam dininə qədər gedib çıxdığı əsnada mən bir neçə sualıma cavab istədim. Müsahibim də ərəb əsilli idi. O Yəməndə böyümüşdü və ailəsi dindar idi. Daha sonra 80-ci illərdə Azərbaycana tələbə kimi gələrək sonradan burada öz həyat bağlarını möhkəmlətmişdi. Bu şəxs eyni zamanda özü də dindar idi və ailəsindəki xanım da İslam dininin qaydalarına uyğun namaz qılıb örtünmüşdü.

Mən hər zaman dünyada gəlib-gedən insanların sonrakı taleyi ilə maraqlanmışam. Yəni bir zamanlar dünyəvi dinlərin olmadığı bir dövrlərdə yaşayıb dünyadan gedənlər, görəsən yaşadıqları yaxşı və pis əməllərə görə imtahan olunurlarmı?,- deyə çox düşünürdüm. Dünyada təxminən 124-dən çox din və ya etiqad mövcud olduğu söylənilir. Amma yalnız üç dünyəvi dinin ibadət əhlimi cənnət və cəhənəmin sakini olacaqmış kimi də fikirlərim var idi. Sualım da o formada oldu ki, bu günə qədər ölüb gedən insanları gözləyən o əbədi mükafat və sonsuz cəza nə olacaqdır?. Cavab isə sadə oldu.

Bu dünyada yalnız müsəlman olan şəxslər cənnət üzərində bir-biri ilə yarışacaqlar...

Mən şaşırmış bir vəziyyətdə yenidən sual verdim ki, axı Musa və İsa peyğənbər müsəlman deyildi, yer üzündə milyonlarla insan onların yolunu seçib, Allahın təkliyinə inanır və ibadət edir. Məgər bu onlara haqsızlıq sayılmazmı? Cavab isə belə oldu. Əslində Musa və İsa peyğənbər də müsəlman idilər. Yer üzündə tək din İslamdır, və yalnız həqiqi ibadət əhli olan, beş rükət namaz qılıb hər gün Allaha yalvarıb dua edənlərin məkanı əməllərinə görə cənnət və cəhənnəm arasında müəyyən ediləcəkdir.

Qəribə olsa da, mən sual verməyə, o şəxs danışdıqca beynimi sorğulamaya davam edirdim.

- Yaxşı, Allaha inanan, peyğənbərimiz Mühəmmədin ə.s sünnəti olan, ailəsi və doğmaları, çevrəsinə qarşı yaxşı insana xas keyfiyyətlərə sahib olmağa çalışan müsəlman olduğunu deyən, düzgün minlərlə insan var. Onlar şeytandan da uzaqdırlar yalnız təmiz həyatın üstünlüyünü dərk edib ailə dəyərlərinə, mentalitetə hətta çox insanın bacarmadığı məqbul sayılan dəyərlərə uyğun yaşayırlar. Tək qüsurları odur ki, namaz qılmırlar, saqqal saxlamır, uzun geyimlərlə vücudlarını qapamır, baş örtüsündə də deyillər. Bu halda onları digər dünyada nə gözləyir?

Cavab: Onlar müsəlman deyillər, yalnız yaxşı insan sayıla bilərlər. Bu dünya üçün yaşadıqları və ibadət etmədikləri üçün Tanrı onları cəhənəmə layiq görəcəkdir. Amma ən doğrusunu da yenə O bilir.

Bu anda mən stress keçirməyə başladım. Axı necə ola bilərki tək ibadət etmədiyinə görə sənin bütün yaxşı əməllərin, gözəl insan, şəxsiyyət olmağının heç bir dəyəri olmasın.

İçimdəki qəzəbi güclə cilovlamağa çalışaraq yenə sual verdim.

- Bir insan düşünək ki, yer üzündə etmədiyi pis iş, törətmədiyi qabalıq qalmayıb. Ailəsi və öz dünyasında olanlar üçün arzuolunmaz şəxsdir. Bu insan qonşusu ac olanda kabab çəkib yeməyin qoxusu ilə belə günah qazananlardandır. Bu şəxs dostlarına qarşı vəfasız, əli düzgün olmayan imansız və əxlaqsız bir şəxsdir. Onun tək üstün sayıla biləcək keyfiyyəti gündə beş dəfə namaz qılmaqdır. Onu gözləyən hədiyyə nədir?

Cavab: Bu şəxs müsəlman sayılır. Çünki gündə beş dəfə Tanrıya inamını etiraf edir, və əgər o tövbə edərsə Allah onu bağışlayacaqdır. Əsl müsəlman namazını qılıb dinin qaydasına uyğun riayət edənlərdir. Bir müddət günahlarına görə cəhənnəmdə yaşasa da sonu cənnət olacaqdır.

Bu anda mən istəmədən səsimi qaldıraraq “Belə çıxır ki, bütün günahları edib, sonra tövbə edib namaz qılsam, təkrarən hər səhvimi tövbələrlə yumağa çalışıb son nəfəsimə qədər tövbə və şeytan arasında yol qət etdiyim təqdirdə müsəlman sayılıram amma təkcə namaz qılmadığıma görə hətta Allahı və peyğənbərini qəbul etdiyim halda belə bütün insani keyfiyyətlərimlə bərabər yenə müşrik, kafirmi oluram? Bu ədalətsizlikdir” -, dedim. O adam isə sakit bir halda həyat yoldaşıma üzünü çevirib.

“Əgər sənin yoldaşın namaz qılmırsa, sən onu buna dəvət etdiyin təqdirdə qulaq asmırsa sənin ondan arılmağa haqqın var” dedi... “Bu sanki kommunist kimi danışır və belə düşücə kafirliyə işarədir”, - deyə də yenə fikirlərinə əlavə etdi...

Bütün inandıqlarım, yoxsa yeni eşitdiklərim....

Hər zaman yer üzünü idarə edən bir danılmaz qüvvəyə inanmışam. Daima axtaran insanlar sorğu edirlər. Onların analiz imkanları geniş olur. Savadlı dini düşüncə ilə cahil dini düşüncə arasında fərqlər var. Bu gün yer üzündə İslam bayrağı altında törədilən yüzlərlə hadisənin də dinlə əlaqəsi yoxdur. Mən insanların xristian, buddist, deist, şaman olmasından asılı olmayaraq onların insani keyfiyyətlərinə görə qiymət verilməli olduğunu düşünürəm. Mən sonuncu Peyğənbərimizin yaydığı dinin gözəlliyinin də fərqindəyəm. Çünki İslamın rahatlıq verdiyi, insanın ruhunu təmizlədiyi düşüncəsindəyəm. Amma dualar etsəm də, hər gün yer üzünə sülh, körpələrə sağlamlıq, susuzlara, aclara loxma, xəstələrə şəfa diləsəm də, bunun tək namaz başında edilməli olmadığı düşüncəsindəyəm.

Əsla dindar insanlara qarşı ikrah hissim də yoxdur. Namaz zamanı mən onları maraqla izləyirəm. İstər məsciddə olsun, istər kilsədə, istər hər hansı bir ibadətgahda fərq etməz, əsas mənəviyyatının imtahanından çıxıb sonra Allaha yaxın olmalısan. Bəlkə də mən özümü o namaza layiq bilmirəm. Bəlkə də mən hazır deyiləm...

Həyat ağ və qaradan ibarət deyildir. Ortada digər rənglərin uyumu da var. Sadəcə hər insan onun fərqində deyildir. Bəlkə də biz Tanrının yaratdığı xüsusi insanlarıq. Sorğulamaq İslamda günah sayılırsa bəs insan beyni nə üçün bu imkanlara sahib formada yaradılıb? Orta əsirlərdə katoloq kilsələrdə günaha görə müvəqqəti cəzalardan azad olunma üçün indulgensiya adlı kağızlar paylanılırdı. Sonra bu ləğv edildi və günah sayılmağa başladı.

O şəxsin mənə namaz qılmayan şəxs kafirdir, namaz qıldığın halda sənə cənnətdə yer ola bilər deməsi də indulgensiyanı xatırlatdı.

Amma əlbəttə bu sadəcə onun düşüncəsidir. Gerisini və doğrusunu isə Yaradan bilir...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı