İran mətbuatında 20 Yanvar hadisələrinə dair yazı dərc edilib

İran mətbuatında 20 Yanvar hadisələrinə dair yazı dərc edilib
12:13 19 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranın Qərbi Azərbaycan əyalətində nəşr olunan “Dəniz” həftəlik qəzetinin intenet səhifəsində 20 Yanvar hadisələrinə həsr edilmiş “Qanlı və şanlı gecə - 20 Yanvar” adlı yazı dərc olunub.

Trend-in qəzetin internet səhifəsi olan daniznews.ir-ə istinadən verdiyi məlumata görə, yazıda Azərbaycan xalqının hər ilin 20 yanvar tarixində həmin gün 1990-cı ildə baş vermiş hadisələri yad etdiyi bildirilir.

Qeyd olunur ki, 1980-ci illərin sonlarında keçmiş SSRİ öz vətəndaşlarına - Azərbaycan xalqına xəyanət edərək, açıq şəkildə Ermənistanı dəstəkləyir və Azərbaycan torpaqlarının işğalına şərait yaradırdı. İmperiyanın köməyi ilə 1987-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistanda yaşadığı tarixi yurdlarından qovulmuşdu. Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa qarşı iddialar edir və özünün himayə etdiyi silahlı bandalar vasitəsilə yerli dinc əhaliyə qarşı təzyiqlər göstərir, qətllər törədir, separatçı qrupları silahlandırırdı. İki ildən artıq davam edən bu vəziyyət qarşısında SSRİ rəhbərliyinin heç bir addım atmaması və yüzminlərlə qaçqının öz ev-eşiklərinə qaytarılacağı barədə yalan vədlərlə aldadılması, Ermənistanın Azərbaycanla sərhəd bölgələrdə yaratdığı gərginlik və digər bu kimi hadisələrin Azərbaycan xalqından gizlədilməyə çalışılması bu siyasi oyunu dərk edən insanları narahat edirdi. Lakin baş verən hadisələrə göz yuman imperiya bunlara etiraz etmək, qarşı çıxmaq və mətbuatda işıqlandırmağa ciddi senzura qoymuşdu. Etiraz edən və müqavimət göstərən azərbaycanlılar həbs edilir, Dağlıq Qarabağda dövlət tərəfindən ov tüfəngləri əhalidən alınır, onların silahlı bandalar qarşısında özlərini müdafiə etməsinə belə imkan verilmirdi.

Məqalədə deyilir ki, bu vəziyyət 1989-cu ilin sonlarından Bakı şəhərində əhalinin etiraz mitinqlərinə başlaması ilə nəticələndi. Mitinqlərə toplaşan minlərlə insanın imperiyadan istəyi bu özbaşınalıqların qarşısının alınması və Azərbaycan xalqının haqlı tələblərinə qulaq asılması idi. Lakin imperiya heç də bu tələblərə əməl etmək niyyətində deyildi. Öz haqlarını əldə edə bilməyən insanlar artıq mitinqlərdə “müstəqillik, azadlıq” şüarlarını səsləndirməyə başlayırdı.

Yazıda bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə əsasən erməni əsilli xüsusi təyinatlılardan təşkil olunmuş Sovet ordusu hissələri qabaqcadan heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə hücum etdi. Qadın, uşaq, qocaya fərq qoyulmadan dinc və müdafiəsiz mülki əhaliyə qarşı ağır döyüş silahlarından - tanklar, pulemyotlar, avtomatlar və digər silahlardan istifadə olundu, mülki binalar atəşə tutuldu. Sovet ordusu 70 il ərzində vətəndaşı olan bu əhaliyə qarşı xüsusi amansızlıqla rəftar etdi. Bəzi öldürülən şəxslərə xüsusi qəddarlıqla 20-dən çox güllə vurulmuş, qətl edilənlərdən bəzilərinin gözləri çıxarılmış, azyaşlı və qocalar öldürülmüş, təcili yardım maşınları və həkimlər güllələnmiş, mülki əhali öz evinin içərisində öldürülmüşdü. Son dəqiqləşdirmələrə görə, qanlı 20 Yanvar faciəsində 147 nəfər dinc sakin öldürülmüş, 841 nəfər qeyri-qanuni həbs olunmuş, 744 nəfər yaralanmışdır. Cinayətləri gizlətmək üçün öldürülənlərin bir qismi dənizə atılmş, istintaq materialları Moskvaya aparılaraq yox edilmişdi. Azərbaycanın o vaxtkı rəhbər şəxsləri bu cinayətlərin ötr-basdır edilməsinə köməklik göstərsələr də, yeganə olaraq görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində yerli və beynəlxalq kütləvi informasiya vasitələri qarşısında xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi və hadisələrdən az bir müddət sonra kommunist partiyası sıralarını tərk etdiyini elan etdi. Sonralar da məhz H.Əliyevin təşəbbüsü ilə Azərbaycanın Milli Məclisində 20 Yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verən qərar qəbul olundu. 20 Yanvar hadisəsi imperiyanın müstəmləkəçilik siyasətini ortaya çıxardı. 20 Yanvar nə qədər ağır bir faciə olsa da, imperiya bununla xalqı öz iradəsindən döndərməyə müvəffəq olmadı, əksinə, bu iradə daha da qətiləşdi və Azərbaycanın öz müstəqilliyini əldə etməsi ilə nəticələndi.

Qeyd olunur ki, öz azadlığı, ərazi bütövlüyü uğrunda minlərlə şəhid vermiş İran xalqı şəhid adının müqəddəsliyini, Azərbaycan xalqının bu hisslərini ən yaxşı duyanlardandır: "Allah bütün şəhidlərə rəhmət eləsin!"

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR