Rumıniyanın Alba İulia şəhərində təşkil olunan "Krallıq və Respublika.1920-ci illərin əvvəllərində Avropanın siyasi quruluşu" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. Bir neçə ölkənin - Almaniya, İtaliya, İsveç, Çexiya, Slovakiya, İsrail, Yunanıstan, Rumıniya, Rusiya, Qırğızıstan, Azərbaycan və Türkiyədən olan alimlərin iştirak etdiyi konfrans çox maraqlı müzakirələrlə yaddaqalan olub.
Konfrans zamanı AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə İsveçdən olan tədqiqatçı Andrea Dahlquistə qondarma "erməni soyqırımı" ilə bağlı düşüncələrinə faktlarla əsaslandırılmış cavab verib.
Bu barədə Metbuat.az-a açıqlama verən Elnur Kəlbizadə bildirdi ki, Andrea Dahlquistin belə düşünməyinə səbəb yalnış təbliğatın təsirindən irəli gəlir.
"Müzakirələrimiz əsnasında A. Dahlquist Rumıniyada fəaliyyət göstərmiş bir İsveç diplomatının fəaliyyətindən bəhs edərək, onun Konstantinopolda hərbi attaşe olduğunu, guya "erməni soyqırımı"nı gördüyünü dedi. Mən onun dediklərinə cavab olaraq bildirdim ki, şəhərin adı Konstantinopol yox İstanbuldur. Daha sonra isə soyqırım anlayışının beynəlxalq hüquqda 1946-ci ildən sonra təsbit edildiyini diqqətə çatdırdım. Belə olan halda işlətdiyi ifadənin nə qədər əsaslı olduğunu soruşdum. Həmin dövrdə ermənilərlə bağlı Osmanlıda Köç qanununun qəbul edildiyini, ermənilərin Suriya və Livana köçürüldüyünü diqqətə çatdırdım. Ritorik bir sual ünvanladım. İddia etdikləriniz olubsa Suriya və Livanda yaşayan yüzminlərlə erməni kimdən törəyib? Fəaliyyəti boyunca İstanbuldan kənara çıxmamış bir attaşenin Anadoludakı hadisələrlə bağlı fikrini fakt kimi təqdim etmənin nə qədər əsaslı olduğunu soruşdum. Nəhayət İsveçli tədqiqatçı mövzunu bilmədiyini etiraf etdi".
E. Kəlbizadə onu da qeyd etdi ki, belə polemikalardan daha biri Almaniyadan olan professor Tilman Ludke ilə olub. Belə ki, alim Türkiyəni tarixdə ilk müsəlman cümhuriyyəti şəklində təqdim edib. Bu zaman E. Kəlbizadə söz alaraq Tilman Ludkeyə bu barədə informasiyasının səhv olduğunu, tarixdə və şərqdə ilk müsəlman türk cümhuriyyətinin Azərbaycan Xalq Cümhuriyyəti olduğunu izah edib.
Gülbəniz Hüseynli / Metbuat.az