Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının anma mərasimi keçirilib

14:28 19 Yanvar 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Bu barədə AzərTAc-a daimi nümayəndəlikdən bildiriblər.
Mərasimdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 Yanvar həqiqətlərindən söz açıb. O, qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb. Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O faciəvi gecədə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli- azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıldı.
Qeyd edilib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinin baş vermə səbəblərini araşdırdı və bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu. Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.
Diqqətə çatdırılıb ki, hazırda bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısı müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi vəziyyətinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.
Bildirilib ki, bu gün xalqımız 20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü böyük uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Prezident, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanin_Bakidaki_daimi_numayendeliyinde_20_Yanvar_faciesi_qurbanlarinin_anma_merasimi_kechirilib-825740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR