“Hazırda dünyanın hər yerində “blokada” haqqında göz yaşı tökən erməni təbliğatını ifşa etmək tələb olunur. Ermənistanın arxasında duran qüvvələrin bəyanatları məhz təəssübkeşlikdən və təbliğatın təsirindən yaranır. Buna görə də sərhəd-keçid məntəqəsi işləyir, insanların şəxsiyyəti müəyyənləşdirilir, nəqliyyat yoxlanılır, keçid təmin edilir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, gələcəkdə sərhəd-keçid məntəqəsindən Azərbaycan vətəndaşı olmayanlar keçə bilməyəcək.
İlyas Hüseynov
“Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında da bildirib ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasında məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, əksinə, nəzarəti təmin etməkdir və insanlar artıq bu keçid məntəqəsindən istifadə edirlər. Azərbaycan bununla bütün dünyaya nümayiş etdirir ki, bizim ərazimizdə Konstitusiyamız, suveren haqlarımız və qanunvericiliyimiz qüvvədə olacaqdır. Hələ sərhəd-keçid məntəqəsi işə düşməmişdən əvvəl ermənilər Rusiya sülhməramlı kontingenti (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə Azərbaycan ərazisinə daxil olurdular. Yəni əvvəllər də onlar üçün müəyyən “istisnalar” rejimi işləyirdi. Gələcəkdə ancaq viza rejimi tətbiq olunacaq. Üçüncü ölkələrin vətəndaşlarına da bu qaydalar şamil olunacaq. Amma buna hələ zaman lazımdır”.
Politoloq qeyd etdi ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasına gələn vətəndaşlar Azərbaycanın digər əhalisi üçün epidemioloji təhlükə yaratmırlar, çünki onlar hazırkı mərhələdə cəmiyyətimizə inteqrasiya olmayıblar. İlyas Hüseynov fikirlərinə əlavə olaraq onu da ifadə etdi ki, proses gedir və artıq ilkin nəticələri müşahidə etməkdəyik.
“2020-ci ilin noyabrına qədər biz Şuşa haqqında ancaq xəyal qururduq, Laçın yolunda sərhəd-keçid məntəqəsi ideyası real görünmürdü. Azərbaycan ordusu qarış-qarış, addım-addım hakim mövqelərə yiyələnir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər həyata keçirilir. Bir tərəfdən, ərazi minalardan təmizlənir, digər tərəfdən infrastruktur layihələr icra olunur. "Böyük qayıdış" konsepsiyasına uyğun olaraq keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdır. Hər şeyin öz vaxtı var, hər şey addım-addım düzələcək. Azərbaycan Prezidenti nəyi, nə vaxt və necə edəcəyini bilir”.
Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, diplomatik münasibətlər qurulmadan viza verilə bilməz.
Ədalət Verdiyev
“Biz dünyaya Qarabağ əhalisi ilə problemimiz olmadığını göstərdik. Xankəndinin mühasirədə olması barədə yalanları da ifşa etdik. Qalan gömrük və pasport prosedurları zamanla qanunlarımıza uyğun səkildə tətbiq ediləcək. Cəmi iki günə 30 illik problem həll oluna bilməz. Səbrli olaq. Qalıb olmağı, sevinməyi bacaraq”.
Gülbəniz Hüseynli / Metbuat.az