Ermənistana SƏRT XƏBƏRDARLIQ: “Sizə sülh lazım deyilsə, Azərbaycana heç lazım deyil”

“Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin mayın 11-də Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutması ilə bağlı vəziyyəti şərh edən zaman deyib. Ekspert hesab edir ki, Ermənistanın daha əvvəllər də olduğu kimi danışıqlar öncəsi təxribatlar törətməsi sülh müqaviləsinin imzalanmasından yayınmaq cəhdidir.

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

Ədalət Verdiyev

“Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək. Adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır.Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa belə bir münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz”.

Ədalət Verdiyev vurğulayaraq ifadə etdi ki, Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil.

“Bizim üçün sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır”.

Ermənistanın sərhəddə İran dronlarından istifadə etməsi məsələsinə cavab olaraq ekspert qeyd etdi ki, onlar haqqında məlumatlar mövcud olsa da, onları hələki təsdiqləyən foto və ya video materiallar əlimizdə yoxdur.

“Amma hər bir halda İranın belə bir dronları Ermənistana verdiyi istisna edilməməlidir. Əlimizdə foto və ya video materiallar olduqda biz belə bir dronların markasını və imkanlarını araşdıra bilərik. Hələ ki, belə bir real görüntülər əlimizdə yoxdur. Odur ki, bu barədə hesab edirəm ki, danışmaq bir qədər tezdir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlu isə yaralanıb. Hərbçimizin yaralanması ilə bağlı cinayət işi açılıb. Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.

Şəhid Novruzəlizadə Orxan Elxan oğlu

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR