Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun doğum günüdür.
Metbuat.az xəbər verir ki, bu gün eks-merin 79 yaşı tamam olur.
H. Abutalıbov 14 may 1944-cü ildə Türkmənistan SSR-in Krasnovodsk şəhərində anadan olub.
O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan olan H. Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
Daha sonra o, 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər bir il müddətində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
H. Abutalıbovun karyera yüksəlişi də məhz bundan sonra başlayıb. Belə ki, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 17 il paytaxt meri vəzifəsində çalışan H. Abutalıbov 21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib. 21 oktyabr 2019-cu ildə bu vəzifəni də itirən H. Abutalıbov hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvüdür.
Ailəlidir, iki oğlu var.