Sinan Oğanın seçiciləri kimə səs verəcək? - ŞƏRH

Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərinin nəticələrinə əsasən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, müxalif Cümhuriyyət Xalq partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,96 faiz, ATA blokunun namizədi Sinan Oğan 5,2 faiz, namizədliyini geri götürmüş Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 0,44 faiz səs qazanıb.

Türkiyə Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener son açıqlamasında deyib ki, seçki qutularının 99 faizi açılıb. Onun sözlərinə görə, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.

Metbuat.az xəbər verir ki, hazırda ikinci tur üçün “kilit isim” kimi prezidentliyə namizəd Sinan Oğanın seçicilərinin kimə səs verəcəyi düşündürən suallardandır.

Bu barədə fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli bildirdi ki, Oğan tərəflərdən biri ilə anlaşıb, çağırış etsə belə, bu kütlənin çoxluğu böyük ehtimalla səsverməyə qatılmayacaq. Çünki bunlar Oğanın stabil elektoratı deyil, hər iki namizəddən də məmnun olmayan protest millətçi kəsimdir.

"Ümumilikdə isə Sinan Oğanı bu seçkilərin qalibi saymaq olar. Kampaniya dövründəki davranışları və əldə etdiyi nəticə ilə Türkiyə siyasətində mühüm bir aktor ola biləcəyini göstərdi. Lakin bu yolda onu gözləyən qeyri-müəyyənliklər var. S.Oğanın xəyalı MHP liderliyidir, bu isə nail olunması çox çətin bir vəzifədir. Mövcud MHP rəhbərliyi Oğanı partiyadan xaric edib və nə qədər ki, Bahçeli həyatdadır, onun partiyaya dönməsinə icazə verilməyəcək. Ehtimal var ki, Bahçeli öz varisini müəyyən edərək hələ sağlığında partiyanı bu şəxsə təhvil versin".

Siyasi şərhçi hesab edir ki, S.Oğan üçün digər alternativ onu namizəd göstərən Zəfər Partiyasıdır, lakin bu partiyanın da iddialı lideri var və Ümit Özdağ çətin ki, birinci adamlığı başqasına güzəştə getsin.

"Yeni siyasi partiya yaratmaq Oğan üçün alternativlərdən biri ola bilər, amma millətçi səslərin bir neçə partiya arasında bölündüyü bir tabloda uğur qazanmaq asan deyil.Yeri gəlmişkən, millətçi səslər bölündükcə çoxalır. Bu seçkidə 4 millətçi partiya (MHP, İYİ, Zəfər, BBP) toplam 23% səs aldı. Xüsusən MHP gözləniləndən daha yuxarı nəticə göstərdi və ötən seçkilərlə müqayisədə 7% səs itirən AKP parlament çoxluğu yaratmaq üçün yenə MHP-yə möhtac durumda qaldı. Bu isə MHP-nin qərarların qəbulunda öz ağırlığını saxlayacağını göstərir".

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR