Liderlərin Moskva görüşü: Kreml Azərbaycan və Ermənistana nə təklif edəcək?

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur.

Brüsseldən sonra Moskvanın moderatorluğu ilə baş tutması planlaşdırılan görüşün iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olacağı ilə bağlı müəyyən fikirlər formalaşıb. Bir neçə gün sonra keçiriləcək görüşün detalları barədə Metbuat.az-a danışan “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov bildirdi ki, tərəflər arasında müzakirələr baş tutarsa əhəmiyyətli nəticələri olacaq.

Politoloq: "ABŞ və Fransanın Rusiyadan imtina etməsi onların Minsk qrupundan imtina etməsi demək deyil"

Zaur Məmmədov

“Uzun müddət idi ki, Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa görüşlər keçirilməmişdi. Nəticədə, tərəflər fikirlərini və pozisiyalarını dəqiqləşdirəcəklər. Bundan qabaq Brüssel görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərlə tanıdı və dünən Paşinyan da çıxışı zamanı Qarabağda anklavları Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etmişdi. Bu olduqca önəmli, vacib açıqlama idi. Bu fonda Rusiyada Ermənistanın bunu təsdiqləməsi əhəmiyyət daşıyır”.

Ermənistan rəhbərliyinin Qərbdə bir , Rusiyada isə başqa fikir söylədiyini xatırladan politoloq hesab edir ki, Paşinyanın bir-biri ilə uzlaşmayan fikirləri səbəbindən Ermənistan üzərinə götürülən öhdəliklər yerinə yetirilməyi yubadır. Azərbaycan və Ermənistan arasında dəmir yolu xətti ilə bağlı öncədən əldə edilən razılıq barədəifadə edən Zaur Məmmədov qeyd etdi ki, qarşıdan gələn Moskva görüşündə bu məsələdə fikirlər daha da möhkəmlənəcək.

“Artıq xəttin açılması istiqamətində müəyyən addımlar atılıb. Bu məsələdə əvvəldən Azərbaycan tərəfindən heç bir problem yox idi. Məsələ Ermənistan-Rusiya və Ermənistan- Qərb arasında idi. Qərbin və Rusiyanın dəhlizlə bağlı mövqeləri uzlaşmırdı. Bu da Rusiyaya Ermənistanla bağlı qərar verməkdə bir sıra çətinliklər yaradırdı”.

Analitik vurğuladı ki, Mayın 25-də baş tutacaq Moskva görüşü Çində reallaşması planlaşdırılan müzakirələrə böyük təsir edəcək.

“Son vaxtlar İran İslam Respublikası ilə münasibətlər Nikol Paşinyanın manevr imkanlarını azaldırdı. Hər halda bu görüşdə bir daha tərəflər öz baxış bucaqlarını həm Rusiya tərəfindən tanış edəcəklər, həm Rusiya öz baxış bucağına tərəflərə bildirəcək. Ümumilikdə Moskvanın moderatorluğu keçirilən müzakirələrdən sonra Çinda baş tutacaq görüş Azərbaycan və Ermənistan münasibətlərində əhəmiyyətli siyasi gedişlərə, sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli addımların atılmasına səbəb olacaq”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR