​“Xocalının, Xankəndinin Azərbaycanın nəzarəti altına keçməsi qəti məsələdir”

“Xocalının da, Xankəndinin də, ümumiyyətlə terrorçu tör-töküntülərinin qaldığı Rusiya qüvvələrinin müvəqqəti nəzarətində olan bütün ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi məsələsi reallaşacaqdır. Bu qəti bir məsələdir”.

Bu açıqlamanı Metbuat.az-a AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. Ekspert xüsusilə vurğuladı ki, bununla bağlı Azərbaycanın kifayət qədər real imkanları var.

Elnur Kəlbizadə

“Hazırkı şəraitdə orada hansısa terrorçu qruplaşmalara, ya da Ermənistanın təsiri altında olan hərbi qüvvələrə “təlimlər” keçirmək üçün şəraitin yaradılması, müəyyən addımlar atılmasına görə fürsət verilməsi son dövrlərdə Ermənistanla Azərbaycan arasında səsləndirilən müəyyən fikirləri, eyni zamanda irəli getmiş kimi görünən prosesi tormozlamaq məqsədi daşıyır. Ermənistan tərəfi ikili mövqedən çıxış edir ki, fürsət yaranan kimi sülh prosesindən qaça bilsin. Biz bunu Qarabağın işğal altında olduğu bütün dövrlərdə görmüşük. Adətən Azərbaycanla Ermənistan nümayəndələri danışıqlar masası arxasında oturub müəyyən razılıqlar əldə olunsa da, real addımların atılmalı olduğu dövrdə Ermənistan hansısa təxribatçı fürsətlərdən istifadə edirdi. Təbii ki, bu prosesdə münaqişələr hesabına regionda qalmağa çalışan güclərin də maraqları var”.

E.Kəlbizadə bildirdi ki, prosesin sadəcə olaraq Amerika Birləşmiş Ştatlarının, ya da Avropa İttifaqının nəzarəti altında həll oluna bilməyəcəyini göstərmək istəyən güc mərkəzlərinin maraqları var. Müsahibimiz hesab edir ki, bu güc mərkəzləri bölgədə münaqişələrdə qalmağa çalışırlar.

“İstənilən halda Azərbaycanın hər an öz ərazilərində terrorçulara qarşı antiterror əməliyyatı keçirmək haqqı var. Amma o əməliyyatın nə zaman keçiriləcəyinə isə Azərbaycan dövləti qərar verəcək. Dövlətimizin lazım bildiyi anda bu baş verə bilər. Azərbaycan imzaladığı sənədlərə, imzasına hörmət edir və bu prosesi bütün dünya da görür ki, bu gün bölgədə sülhün, əməkdaşlığın inkişafı üçün əsas addımları atan dövlət də Azərbaycandır. Ermənistan və onun havadarları bütün imkanlardan istifadə edərək, bu obrazı pozmağa çalışsalar da, bu cəhdlərin heç bir xeyri olmayacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR