Küçələrdə açıq satışda olan qidaları istifadə etməyin - İnfeksionist

Yaz və yay aylarında bəzi infeksiyaların yayılması daha çox müşahidə olunur. Bu səbəbdən vətəndaşlar viruslardan qorunmaq üçün bəzi qaydalara riayət etməlidir.

Metbuat.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyib. Onun sözlərinə görə, yaz aylarında havaların isinməsi ilə əlaqədar əsasən qidalar vasitəsilə yayılan mikroorqanizmlər ishala səbəb ola bilir: “Bu aylarda mümkün qədər ev qidalarına üstünlük vermək lazımdır. Çünki havalar isindikdən sonra qidaların tez xarab olması, onların hazırlanma qaydalarına riayət edilmədikdə daha tez sıradan çıxması və mikroorqanizmlərdən təmizlənməməsi ishala səbəb olur. Yaz aylarında əhali arasında təkcə bakterial infeksiyalara yox, eyni zamanda virus mənşəli ishala da sıx rast gəlinir. Virus mənşəli ishallarda adətən biz çox temperatur görmürük, ishal bir həftəyə qədər davam edə bilir.

Qeyd etmək lazımdır ki, boğaz ağrıları ilə müşahidə olunan adenovirus mənşəli viral infeksialara da sadəcə qış aylarında deyil, yaz aylarında da, xüsusən mayın sonu, iyunun əvvələrində rast gəlmək olur. Bu zaman yüngül temperatur, baş ağrısı, boğaz ağrısı, burun ağrısı, qusma, ishal müşahidə oluna bilər”.

Həkim sözügedən aylarda daha çox lifli qidalara, evdə bişmiş qidalara üstünlük verilməlidir: “Az bişmiş ətdən və ət məhsullarından, xüsusən suşi kimi az bişmiş və bişməmiş balıq məhsullarından, kremli, mayonezli salatlardan isti aylarda çox istifadə etməmək məsləhətdir. Çirkli ərazilərdən tutulan və az bişmiş dəniz məhsullarından uzaq durmaq məqsədəuyğundur. Süd məhsullarından istifadə edərkən diqqətli olmaq lazımdır”.

Həkim bildirib ki, isti aylarda bölgələrə və ya xarici ölkələrə səyahət zamanı təmizliyindən əmin olmadığımız sulardan içməmək, yeməklərdə istifadə etməmək və bu sularla çimməmək məsləhət görülür. Küçələrdə açıq satışda olan qidaları istifadə etməmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR