Ölkədaxili turlar üçün nə qədər büdcə lazımdır? - QİYMƏTLƏR

Xarici ölkələrə səyahət etmək "cib yandırsa" da, Azərbaycanda vətəndaşlar ölkədaxili turlarla yayda istirahət etmək imkanı əldə edə bilirlər.

Metbuat.az hazırda fəaliyyət göstərən ölkədaxili turların qiymətlərini və şəraitlərini araşdırıb.

Qeyd etmək lazımdır ki, tur şirkətləri fəaliyyətləri zamanı təhlükəsizlik təmin edilməsi yönündə öncədən vətəndaşlara tapşırıqlar verir. Belə ki, tur zamanı spirtli içkilərin qəbuluna icazə verilmir. Bundan başqa, bəzi turlar könüllü olaraq səyahət sığortası təklif edir, bunun üçün əlavə 3-5 manat ödəniş tələb olunur. Həmçinin ziyarət edilən regionlarda muzey kimi girişi pullu olan ərazilər tur paketlərinin qiymətinə aid deyil. 6 yaşdan kiçik uşaqlar üçün ödəniş tələb olunmur. Digər bir müsbət cəhət isə turların əsasən həftəsonları təşkil edilməsidir.

Turun təşkili zamanı xüsusi avtobuslar tutulur. Gecələmələr isə hotellərdə baş tutur.

Araşdırmalarımıza görə, vətəndaşların ən çox üz tutduğu rayonlarımıza bir günlük turlara nəqliyyat, səhər yeməyi və ekskursiyalar daxildir. Belə ki, İsmayıllı–Qəbələ turu 25 manat, Lənkəran–Lerik turu 25 manat, Quba–Xınalıq turu 45 manat, Gədəbəy turu 35 manat, Quba turu 22 manat, Şəki-Qax-İlisu turu 30 manat təşkil edir.

İki günlük turlardakı qiymətlər bir az fərqlidir. Bu turlara nəqliyyat və 2 dəfə səhər yeməyindən başqa hoteldə gecələmə, əyləncəli oyunlar, ekskursiyalar daxil edilir. Məsələn,
Quba-Qusar turu 1 nəfər üçün 80-90, bəzən 110-120 manat, Tovuz-Gədəbəy 80 manat, Balakən Zaqatala-Qax turu 80 manat, Qax-Şəki-Qəbələ 80 manatdan, Mingəçevir-Göygöl -Maralgöl turu 80 manatdan başlayır.

Həmçinin qeyd etmək lazımdır ki, işğaldan azad olunan bölgələrimizə səyahət etmək imkanımız var. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tərəfindən hər ay elan olunur. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Bakı-Şuşa-Bakı istiqamətində biletlərin qiyməti 25, 40 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli istiqaməti üzrə 15, 20 manat, Bakı-Ağdam-Bakı üzrə hərəkət üzrə 23 manat, Bərdə-Ağdam-Bərdə istiqamətində isə biletlərin qiyməti 11 manatdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, vətəndaşlar hər hansı tur şirkətinə müraciət etdikləri zaman təhlükəsizlik məsələlərində, dələduzluq hallarında diqqətli olmalıdırlar.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı