Ağstafa rayonunda ağır nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Metbuat.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 (Lada Priora) markalı avtomobil ilə toqquşub. Toqquşmadan əvvəl sərnişin, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib və bu zaman o, iki avtomobilin arasında qalaraq xəsarət alıb və aparıldığı Ağstafa rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.