Azərbaycanın İsraildəki diaspor təşkilatı müraciət yayımlayıb

İsraildə fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası adından yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi dərin narahatlıq hissi doğurur.

Qeyd edilib ki, bu xoşagəlməz durum Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir. Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalı olduğunun zəruriliyinə diqqət cəlb edilib.

Ermənistanın daim beynəlxalq hüquq və ekoloji hüquq normalarını kobudcasına pozduğu, Azərbaycanın bir müddət öncə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar bir daha yada salınıb.

“Azİz” beynəlxalq ictimaiyyəti regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd əməllər həyata keçirən Ermənistana təzyiq göstərməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı