"Dənizin hasarlanması qərarını kimin verdiyi bilinmir" - Deputat TƏNQİD ETDİ

Yay mövsümünə hazırlıq başlayan kimi ictimai çimərliklərin hasarlanması məsələsi də gündəmə gəlir. Bir neçə gündür Xəzər dənizinin Buzovna çimərliyindəki ərazilərin müəyyən hissəsinin yenidən hasara alınması faktı müzakirə edilir. Belə vəziyyətdə yayın istisindən sərinləmək üçün çimərliyə üz tutan sakinlər hasarları aşıb müəyyən kilometr yol qət etməli olurlar.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa mövqeyini Metbuat.az-a bildirərək qeyd etdi ki, Xəzər dənizi ilə bağlı məsələdə heç bir qanun işləmir:

“Dənizin hasarlanması ilə bağlı qərarı kimin, nə zaman, haradan, hansı ərazini kimə verdiyi bilinmir. Bir də görürsünüz, hasarlar söküldü, başqa bir ərazidə həmin hasarlar tikildi. Yəni, bunlar hamısı Xəzər dənizinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərən əsas amillərdən biridir. Əslində bu hasarlar yerinə dənizin təmiz saxlanması, ora çirkab sularının axıdılmasının qarşısının alınması kimi işlər görülməlidir. Bunlar heç birinə həll edilmir. Əvəzində dənizin qumunu çıxararaq tikinti materialı kimi satıb, sahildən böyük bir korrupsiya mənbəyi kimi istifadə edirlər. Ümumiyyətlə, Xəzər dənizi ilə bağlı hansısa bir qanunun işləməsi sadəcə kağız üzərində qalıb.

Hazırda bu problemə subyektiv qərarlar əsasında baxıldığını ifadə edən Fazil Mustafa deyir ki, dəniz bütövlükdə vətəndaşın rəyi olmadan istənilən şəkildə istismar oluna bilir və bu da narahatedici amillərdən biridir:

“Halbuki, dəniz xalqın bütövlükdə sərvətidir və onu talan etmək, laqeyd münasibət bəsləmək dənizi məhv edir. Hazırda Xəzər dənizi içəriyə doğru çəkilib. Çox sayda, bir neçə metr uzunluğunda dənizin hövzəsi quruyaraq ekoloji fəlakət həddinə gəlib çıxıb. Bununla bərabər bəzi məmurların dənizi istismar edən hərəkətləri də əsəb yaradan hadisədir.

Təəssüf ki, bu istiqamətdə biz də bir iş görə bilmirik. Çünki qanunun müddəalarının tətbiq olunması mümkün görünmür. Vəziyyət ilə bağlı hansısa bir şəkildə gileylənməkdən başqa əlimiz heç nəyə çatmır. Amma yaxşı olardı ki, hamımız dənizə nemət kimi baxaq və bunun dağıdılmasına, insanların istirahətindən kənarda tutulmasına imkan verməyək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı