Ceyhun Bayramov “Caspian Connectivity” konfransında iştirak edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxış edib.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

O çıxışında müstəsna coğrafi mövqeyi olan Xəzər regionunun yaratdığı əvəzedilməz imkanlardan bəhs edib. Bu gün Mərkəzi Asiyadan, Xəzər dənizindən və daha sonra Qafqazdan keçən nəqliyyat marşrutlarının əhəmiyyətinin daha da artdığını vurğulayıb. Azərbaycanın nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə diqqət yetirildiyini, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin təşviq olunduğunu bildirib.

Çıxışında nazir Ceyhun Bayramov həmçinin Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Qafqaz fiber-optik kabel layihəsi kimi bir sıra digər regional əlaqələndirmə layihələrinin reallaşdırılmasında fəal təşəbbüskar və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

C.Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib. Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfindən kommunikasiyaların açılmasına törədilən çətinliklər diqqətə çatdırılıb.

Nazir ölkəmizin bir sıra ölkələrlə regional əməkdaşlığın genişləndirilməsi üçün təşəbbüslər irəli sürdüyünü bildirib. Bu xüsusda, Türkiyə, Qazaxıstan və Özbəkistan ilə sıx əməkdaşlıqda üçtərəfli formatlar çərçivəsində görülən işlərdən və imzalanmış mühüm sənədlərdən bəhs edib.

Çıxışda həmçinin Aİ və Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıqdan bəhs olunaraq, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan Qara dəniz sualtı kabel layihəsinin işə salınmasının regional enerji xəritəsini yenidən müəyyənləşdirəcəyinə və iştirakçı dövlətlərdə enerji sahəsində keçidi sürətləndirəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın Xəzər dənizinin öz hissəsində böyük dəniz külək potensialından, bu xüsusda elektrik enerjisinin Avropaya potensial ixrac yollarından, Asiya ilə Avropa arasında yeni əlaqə marşrutu yaratmaq məqsədi daşıyan rəqəmsal dəhliz olan “Rəqəmsal İpək Yolu”nun yaradılmasını nəzərdə tutan “Azerbaijan Digital Hub” layihəsindən söz açılıb.

XİN başçısı çıxışında Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açıldığını bildirib.

Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda marağını qeyd edib. Bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib.

C.Bayramov tədbir zamanı iştirakçıların suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR