Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində sakinlərlə görüş keçirir

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşür.

Metbuat.az xəbər verir ki, görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunur, komissiya üzvləri sakinlərin fikirlərini dinləyir.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR