Bakıda yaşayış binasının lifti qırıldı - Xəsarət alanlar var

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR