Azərbaycanda KASKO sığorta bazarı 17 faizə yaxın böyüyüb

2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 17 milyon 994,1 min manat sığorta haqqı toplayıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 16.5% və ya 2 milyon 543,5 min manat çoxdur. Ötən ilin yanvar-may aylarında KASKO sığorta üzrə 15 milyon 450.6 min manat sığorta haqqı toplanıb.

    Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 7 milyon 573 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7.3% və ya 515.9 min manat çoxdur. 2022-ci ilin ilk 5 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 7 milyon 57.1 min manata bərabər olub.

    Qeyd edək ki, ötən ilin ilk 5 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 45.7 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 5 ayında bu rəqəm 42 manat təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR