Şəkidə Musiqi Festivalı başladı - FOTO

Qədim Şəki növbəti dəfə möhtəşəm musiqi bayramına ev sahibliyi edir.

Metbuat.az xəbər verir ki, iyulun 3-də Şəkidə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.

“Marxal” kompleksinin Yay Teatrında keçirilən açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Şəki Azərbaycanda “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxalq Musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradıb, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq on ikinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

Festival çərçivəsində iyulun 4-də axşam saatlarında Şəki Xan Sarayının qarşısında “Zəfər” muğam qrupunun konserti olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR