Azərbaycanda "TikTok"a qadağa qoyulmalıdır? - Deputat DANIŞDI

Sosial şəbəkə platformaları hazırda dezinformasiyaların yayıldığı və zərərli vərdişlərin təbliğ olunduğu bir platformaya çevrilib. Ən çox şikayətləndiyimiz platforma isə "TikTok"dur. Burada zərərli maddələrin təbliği, dələduzluğa cəhd, "jeton" xatirinə insanların soyulması, "avtoşluq" görüntülərinin yayılması kimi mənfi hallar günü-gündən artır. Xüsusilə, gənclərin bunları görüb "örnək" götürməsi olduqca narahatlıq yaradır.

Çox təəssüf ki, hazırda bu yöndə heç bir nəzarət-mexanizmi yoxdur. Bəs bu istiqamətdə necə bir çıxış yolu seçilməlidir?

Bu barədə Metbuat.az-a danışan deputat Ceyhun Məmmədov deyir ki, sosial şəbəkələri tamamilə bağlamaq mümkünsüzdür. Lakin dövlət qurumları bu yöndə hərəkətə keçməlidir:

"Mən hesab edirəm ki, bu məsələ ciddi narahatlıq doğuran məsələdir. Yəni bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır, baxılmalıdır. Bir neçə gün bundan əvvəl parlamentdə çıxış elədim qeyd etdim ki, bizim dövlət qurumları həmin platformaların sahibləri ilə əlaqələrə keçməlidirlər. Biz bu cür zərərli təbliğat aparan, eyni zamanda söyüş, təhqir yayan profilləri, səhifələri bloklamalayıq. Onların yayılmasına imkan verməməliyik.

Bütövlükdə isə sosial şəbəkələri bağlamaq əlbəttə ki, çətin mürəkkəbdir, mümkün olan bir məsələ deyil. Amma ən azından biz bu kimi hallarla mübarizə istiqamətində konkret addımlar ata bilərik".

Deputatın sözlərinə görə, görülən tədbirlər çərçivəsində bu cür addımlar atan şəxslər cəzalandırıla bilər:

"Yəni bu gün polis, hüquq-mühafizə orqanları bu istiqamətdə addımlar atır. Hesab edirəm ki, bu yöndə işlər davam etdirilməlidir ki, belə hallar baş verməsin. Eyni zamanda, bütün bunlarla paralel, biz kütləvi sistemli maarifləndirmə tədbirləri həyata keçirməliyik. Ziyalılarımız, gənclərimiz, aidiyyəti dövlət qurumlarımız da fəal olmalıdır ki, bir rəqabət meydanı yarada bilək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR