Azərbaycanda yeni dələduzluq növü yayılıb - DİN-dən AÇIQLAMA

Azərbaycanda yerli sosial şəbəkə seqmentində yeni dələduzluq forması yayılıb.

Metbuat.az xəbər verir ki, “Telegram”da təhlükəli “spam” dalğası vasitəsi ilə insanları aldatmağa başlayıblar.

Şəxsi dost siyahınızda olan şəxslərdən gələn linkə klik etdikdə, bütün “Telegram” kontaktlarına adınızdan mesaj gedir. Bu zaman isə dələduzlar hesabınıza giriş əldə edərək hesabınızı ələ keçirirlər. Adətən linkə diqqət cəlb etmək üçün "mənə səs ver", “mənə kömək edə bilərsən”, "500 manat uşaq pulu almaq üçün linkə tıkla" kimi diqqət cəlb edən mesajlardan istifadə edilir.

Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-a bildirdi ki, belə hallarla qarşılaşanların polisə məlumat vermələri xahiş edilir:

"Son vaxtlarda saxta iş elanları paylaşaraq dələduzluq edənlərə tez-tez rast gəlinir. Onlar “Telegram”, Facebook”, “İnstagram” və elan saytları vasitəsi ilə müxtəlif məzmunlu şirnikləndirici təkliflər etməklə vətəndaşların inamından istifadə edərək onları aldadırlar. Həmin şəxslər vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı əsasən “WhatsApp” vasitəsilə aparırlar.

Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat texniki əməliyyat axtarış və əməliyyat istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur. Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 – Xidməti Zəng Mərkəzi” həmçinin sosial şəbəkələrdə “polisazərbaycan” rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik".

Gülbəniz Hüseynli / Metbuat. az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR