"Hələ olmayıb ki, vitrindəki qiymət kassadakı qiymətdən baha olsun. Məsələn, vitrində məhsulun qiyməti 4 manat 50 qəpikdirsə, kassada 4 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!".
Bu fikirləri Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert hesab edir ki, ölkəmizdə geniş yayılan süni qiymət artımı və “yanlışlıqlar”ın hamısı bilərəkdən edilir:
"Əgər istehlakçılar belə halla qarşılaşırsa, vitrindəki qiyməti və kassa çekində olan qiymətin şəkilini çəksinlər. Bundan sonra istehlakçının da iştirakı ilə mütləq şəkildə qiymətin dəyişdirilməsinə təşəbbüs göstərilməlidir. Əgər alıcının iradına əməl olunmazsa, o, nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Ən böyük aldadılma faktları kartlarla ödənilmə zamanı daha çox baş verir. Kartla ödəniş zamanı telefonunuza gələn mesajı dükandan çıxmadan yoxlayın. Bəzən elə olur ki, alınmayan malların çekə vurulması halları da baş verir".
Ekspert qeyd edib ki, Azad İstehlakçılar Birliyinin hesablamalarına görə, ölkəmizdə istehlakçıların almadıqları mala görə ödədiyi pulun həcmi 500 milyon manatdır.