"Tövsiyə edirəm ki, uşaqlara daha çox türk mənşəli adlar qoyulsun" - Sevinc Əliyeva

“Adlar milli kimliyimizi və azərbaycançılıq ideologiyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas yanaşmaq lazımdır. Hər bir millətin adqoyma mədəniyyəti var və onun meyarlarına əməl etmək məqsədəuyğundur. Ümumiyyətlə, adlar mədəni-mənəvi səviyyəmizi və xarakterimizi əks etdirməlidir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva deyib. O bildirib ki, valideynlər övladlarına ad qoyarkən milli hiss, milli ruh aşılayan adların qoyulmasına çalışmalıdırlar:

“İnsanlar çox zaman ailə mədəniyyətini, bütövlüyünü qoruyub-saxlamaq, eləcə də əzizlərinin xatirələrini yaşatmaq üçün öz nənə, babalarının adlarını övladlarına qoyurlar. Lakin belə olduğu halda hərtərəfli düşünmək lazımdır. O adları kortəbii qoymaq doğru deyil. Çünki elə adlar var ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmır və estetik səslənmir. Ad qoyarkən ailə ənənələrindən daha çox, adların ifadə etdiyi semnatika və cəmiyyətdə yaradacağı təəssürat nəzərə alınmalıdır.

Ad insanın ruhu ilə bütövləşir, gələcəyini istiqamətləndirir və yaşayacaqlarına müəyyən qədər təsir göstərir. Yaxşı olar ki, hər bir azərbaycanlı körpəsinə ad seçərkən xalqın milli ruhunu və öz soy-kökünü unutmasın. Bu da uşağın milli dəyərlərə bağlı yetişməsinə mütləq təsir göstərəcək”.

Sevinc Əliyeva həmçinin qeyd edib ki, ad insanın şəxsiyyət kimi formalaşmasına, sosial statusuna, cəmiyyətdə tutduğu mövqeyə belə təsir edə bilən bir faktordur, uşaqlara elə ad vermək lazımdır ki, böyüyəndə utanmasınlar:

“Xalqımızın adət-ənənələrindən bəlli olur ki, qədim zamanlarda uşaqlara ad onların əməllərinə görə qoyulurdu. Qiymətli abidəmiz ”Dədə Qorqud" dastanında deyildiyi kimi: “Adını mən verdim, yaşını Allah versin”. Bu da onu göstərir ki, adqoyma, sözyaratma təsadüfi xarakter daşımır, birbaşa düşüncə ilə bağlı bir prosesdir. Təəssüf ki, bəzi hallarda valideynlər körpələrə ad seçiminə ciddi yanaşmır, bunun məsuliyyətini dərk etmirlər. Valideynlərin düşünmədən qəribə adlar qoyduğu uşaqlar isə böyüyəndən sonra öz adlarından utandıqları üçün onları dəyişdirməyə çalışırlar. Bu isə heç də asan başa gəlmir.

Bununla yanaşı, son illər uşaqlara dini adların verilməsi hallarının artdığını da müşahidə edirik. Ekspertlər bunu İslam dininin təbliği ilə əlaqələndirirlər. Ata-ana hesab edir ki, övladına dini ad versə, həmin ad uşağını qoru bilər. Təbii ki, bu fikir də yanlışdır.

Mən dinə qarşı olan bir insan deyiləm. Tövsiyə edirəm ki, uşaqlarımıza daha çox türk mənşəli adlar qoyulsun. Bu övladlarımızın milli ruhda böyüməsinə və əsl azərbaycanlı kimi yetişməsinə şərait yaradacaqdır. Bizim ədəbiyyatımızda, xüsusən də Cəfər Cabbarlının əsərlərində olduqca gözəl adlar var. Onların hər birinin mənası da milli kimliyimizə xas keyfiyyətləri ehtiva edir”.

Adların verilməsi sahəsində “ASAN xidmət” mərkəzlərində görülən işlərə diqqəti yönəldən Sevinc Əliyeva hesab edir ki, bəzi adların uşaqlara verilməsini qanunla qadağan etmək də yaxşı hal sayıla bilər:

"Bildiyiniz kimi, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə öz zəngin milli-mənəvi irsini qoruyaraq, adət-ənənələrini yad təzahürlərdən müdafiə edərək nəsildən-nəsilə ötürüb. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrlərdən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz əməli fəaliyyəti və bu istiqamətdə apardığı islahatlarla sübut etdi.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaradan, inkişaf etdirən onun dilidir” deyən ümummilli liderimizin doğma dilimizə olan sevgi və qayğısı hər kəsə örnəkdir. Heydər Əliyevin dil siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Biz də ulu öndərin əmanət etdiyidilimizi göz bəbəyi kimi qorumalı və nəsildən-nəslə ötürməliyik.

Övladlarımıza adlar seçərkən də milli mənlik şüurunu və vətənpərvərlik hisslərini tərənnüm edən adlara üstünlük verməliyik. Danılmaz faktdır ki, milli adlarla böyüyən uşaqlar savadlı, bilikli olmaqla yanaşı, həm də vətəninə, xalqına gərəkli bir övlad kimi yetişəcəklər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR