Seçkilərdən sonra Türkiyənin xarici siyasətində nələr dəyişdi? - ŞƏRH

“Türkiyədəki sonuncu seçkilərdən sonra Ankaranın xarici siyasətində radikal dəyişiklik olmasa da, müəyyən yeni elementlər hiss olunur. Bu da ondan ibarətdir ki, Türkiyə Qərblə münasibətlərindəki problemləri aradan qaldıraraq istiləşdirməyə çalışır. Türkiyə indiki vəziyyətində bu qərarı verməyə məcburdur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib. Hazırda Türkiyədə dərin iqtisadi böhranın hökm sürdüyünə diqqəti yönəldən müsahibimiz vurğuladı ki, dərinləşməkdə olan problemin həlli üçün Türkiyənin ciddi miqdarda xaricdən kapital cəlb etməyə və əlverişli şərtlərlə borclanmağa ehtiyacı var:

“Prezident Ərdoğanın son addımlarına, seçkidən sonrakı qərarlarına diqqət yetirsək görərik ki, burada açıq-aşkar Qərblə bir yaxınlaşma kursu ortadadır. İqtisadi postlara Qərbin adamları yerləşdirildi. Məsələn, Xəzinə və Maliyyə naziri vəzifəsinə Mehmet Şimşək gətirildi. O, Qərb maliyyə çevrələrinin adamıdır, həm Britaniya, həm də Amerika vətəndaşıdır. Eyni zamanda Mərkəzi Bankın rəhbəri vəzifəsinə Amerika vətəndaşı olan türk qadın Hafizə Qaya Ərkan təyin olundu. O da Amerika maliyyə çevrələrinə çox yaxın bir şəxsdir.

Ukraynaya yardım məsələsi də bu siyasətin tərkib hissəsidir. Türkiyənin “Azov” komandirlərinin Ukraynaya təhvil verilməsi Qərbə mühüm mesaj sayılır. Türkiyə bununla həm də Qərbə nümayiş etdirir ki, o, Ukraynaya çox fəal dəstək verir. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı Ərdoğan konkret bir cümlə işlətdi və bildirdi ki, Ukrayna NATO üzvlüyünə layiqdir. Bütün bunlar seçkidən sonrakı yeni kursdan irəli gələn qərarlar və addımlara daxildir”.

Türkiyə-Rusiya münasibətləri barədə danışan analitik hesab edir ki, Ərdoğan Rusiya ilə münasibətlərdə hansı xəttə qədər gedilə biləcəyini çox gözəl bilir:

“Ukrayna müharibəsindən sonrakı dövrdə Rusiyanın Türkiyəyə ehtiyacı xeyli artıb. Məlum olduğu kimi, Türkiyə Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb, Rusiyaya qarşı hər hansı sanksiya tətbiq etməyib. Digər Qərb dövlətləri, NATO üzvləri öz səmalarını Rusiya təyyarələri üçün bağladığı halda, Türkiyə bunu etmədi və Rusiya ilə əlaqələrini davam etdirir, ticarətini davam etdirir. Bu baxımdan Rusiyanın Türkiyəyə ehtiyacı artıb.

Ona görə Ərdoğan çox gözəl bilir ki, qərarlarına qarşı Rusiyanın edə biləcəyi bir şey yoxdur. Bugünkü vəziyyətdə Türkiyənin əlində Rusiyaya qarşı çox ciddi təzyiq imkanları var. İqtisadi məsələlərdən əlavə, təhlükəsizlik sahəsində də Türkiyənin əlində çox ciddi kartlar var. Məsələ odur ki, Bosfor və Dardanel boğazları Türkiyənin nəzarətindədir. Türkiyə müharibə başladıqdan sonra boğazları bağlayıb. Oradan həm Rusiya, həm də NATO gəmilərinin keçməsinə qadağa qoyulub. Amma Türkiyə istəsə, boğazları NATO donanması üçün aça bilər. Bu zaman NATO donanması Türkiyənin icazəsi ilə boğazlardan keçərək Ukraynanın Qara dəniz sahillərinə gələ bilər. Nəzəri baxımdan bu mümkün variant sayılır”.

Şahin Cəfərlinin fikirlərinə görə, “Azov” komandirlərinin azad olunması, Türkiyənin Ukraynaya yeni hərbi dəstək qərarları, özüyeriyən artilleriya qurğuları verməsi, eləcə də Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına dair müəssisənin yaradılmasına başlanması ilə bağlı qərarları Rusiyanı məmnun etmir:

“Rusiya narazı olsa da, bunlara görə Türkiyə ilə münasibətlərini pozmaq istəməyəcək. Türkiyənin Rusiyaya qarşı son günlər atdığı addımların hər hansı bir gizli nəticəsi olduğuna inanmıram. Türkiyə müstəqil dövlətdir və öz maraqlarına uyğun siyasət yeridir. Türkiyənin Rusiya ilə münasibətləri pozmaq, korlamaq kimi bir niyyəti yoxdur. Ərdoğan çox yaxşı bilir ki, Rusiya bu addımlara görə cavab verməyəcək və Türkiyənin bu qərarından dolayı iki dövlət arasında münasibətlər pozulmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR