Dövlət qurumlarında vakant olan vəzifələr üzrə müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qurumlarında vakant olan vəzifələr üzrə müsahibə elan edib.

DİM-dən Metbuat.az-a bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsidir.

Ümumilikdə isə Energetika Nazirliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 1 və Diasporla İş üzrə Dövlət Komitəsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.

Daxili müsahibədə müvafiq vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 12 iyul 2023-cü il tarixindən 26 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR