Tovuz döyüşləri: Zəfərə gedən yolun başlanğıcı - ŞƏRH

Bu gün Azərbaycan tarixində mühüm rola malik olan Tovuz döyüşlərindən üç il keçir.

Bu barədə Metbuat.az-a danışan politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycanın nəqliyyat, kommunikasiya və neft qaz infrastrukturu keçən bölgəsində məkrli planı həyata keçirmək istəyən Ermənistan danışıqlarda üstünlüyə yiyələnməyə çalışırdı:

“Onlar bu ərazini işğal altında saxlamaqla həm Qarabağın statusu ilə bağlı üstünlük əldə etmək, həm də Azərbaycanı fakt qarşısında qoymaq məqsədi güdürdülər. Digər niyyətləri isə ola bilsin ki, neft gəlirlərinə şərik olmaq, təhdidləri formalaşdırmaq və bununla da ölkəmizi pis duruma salacaq vəziyyət yaratmaq idi.

Tovuz döyüşlərindən öncə Ermənistanın müdafiə naziri David Tonoyan “Yeni ərazilər üçün yeni müharibələr” hərbi siyasi doktrinasını irəli sürmüşdü. Erməni generallar Gəncə və Naxçıvan ilə bağlı planlar qururdular. Hərbi xəritələrdə Azərbaycan əraziləri üzərində müxtəlif manevr imkanlarını nəzərdən keçirirdilər. Çox aqressiv davranış və sərt ritorika müşahidə olunurdu.

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində “Qarabağ Ermənistandır və nöqtə” fikrini söyləmişdi. O, içkili vəziyyətdə Şuşada yallı gedirdi. Yəni, ölkəmizə qarşı çox ciddi, aşağılayıcı addımlar müşahidə edirdik”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Politoloq xatırlatdı ki, həmin tarixlərdə Suriyada, Livanda olan ermənilərin mədəniyyət paytaxtımız Şuşaya köçürülmə mərasiminin Ermənistan dövlət televiziyasında nümayiş olunurdu. Amma Azərbaycan işğal faktı ilə razılaşmadı, bu təxribatlar qarşısında ordumuza təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atılması göstərişi verildi:

“Ermənistanın Azərbaycan ərazilərinə hücumu, Tovuz döyüşləri zamanı müdafiənin güclü qurulması, Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərilməsi və Azərbaycanın Milli Qəhrəmanları - general mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhadətə yüksəlməsi milli oyanışa səbəb oldu. On minlərlə Azərbaycan gənci işğal faktı ilə razılaşmayaraq küçələrə axışdı. Ardınca onlar Prezidentin çağırışı ilə hərbi komissarlıqlara yazıldılar. Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirərək adlarını tarixə yazdırdılar.

Həm Aprel döyüşləri, həm də Tovuz döyüşləri qələbəmizə gedən yolda ilkin müjdəçi idi . Bu qələbənin qazanılmasında canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət etsin!”.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəmizə aparan yolun Tovuz döyüşlərindən başladığını qeyd edən Milli Məclisin deputatı Arzu Nağıyev Metbuat.az-a dedi ki, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın birliyi bir daha nümayiş olundu:

“Tovuz döyüşlərində ermənilərin əsas məqsədi məhz yüksəklikləri ələ keçirməklə bütün coğrafi mövqedən əraziyə tam şəkildə nəzarət etmək idi. Onlar müxtəlif silahlardan istifadə edərək, sərhəd kəndlərində yaşayan Tovuz sakinlərini qorxudaraq, onları ordan çıxarmaq istəyirdilər. Lakin onların bu arzusu gözlərində qaldı. 30 il ərzində ermənilərin xislətinin nədən ibarət olduğunu yaxşı bilən Tovuz camaatı belə bir hücuma çoxdan hazır idilər.

Ermənilər bu yüksəkliklərdən beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu, müxtəlif qaz kəmərlərinin nəzarətini həyata keçirə bilərdilər. Lakin buna da nail ola bilmədilər.

Digər bir məsələ də o idi ki, Ermənistan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvü kimi sərhəddə təxribat törədərək cavab atəşindən sonra Rusiyanı və digər dövlətləri də bu məsələyə qatmaq istəyirdilər. Amma onların bu cəhdi baş tutmadı. Çünki Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının hər bir üzvünün Azərbaycanla ayrı-ayrılıqda münasibətləri var və ermənilərin xislətinin nədən ibarət olduğunu da yaxşı bilirlər”.

“Türkiyə ilə NATO eyni blokda təmsil olunsa da, Rusiya ilə də qarşılıqlı münasibətləri var”

Tovuz döyüşlərinin Ermənistan tərəfinin Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı təxribat olduğunu qeyd edən millət vəkili bildirdi ki, bu döyüşlərdə Ermənistanın öz ordusu haqqında yaratdığı mif də darmadağın oldu:

“Tovuz döyüşlərində Azərbaycan ordusunun generalı əsgəri ilə birlikdə səngərdə idi. Bunun özü də böyük bir ruh yüksəkliyi sayılır. Əsas məqamlardan biri odur ki, məhz Tovuz hadisələri gələcəkdə 44 günlük müharibədə qalibiyyətimizin təməlini qoyan əsas döyüşlərdən biri oldu.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu ağır itkilərə məruz qoydu. Tovuz döyüşləri ikinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməli oldu və bu döyüşlərdə əldə olunan qələbə torpaqlarımızın işğaldan azad olunmasına qədər davam etdi.

Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular. Unutmayaq ki, zaman ötüb keçsə də, Tovuz döyüşləri Azərbaycan tarixinin səhifələrini əbədi olaraq qəhrəmanlıq nümunəsi kimi həkk olunub. Allah şəhidlərimizə rəhmət etsin!”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı