MİQ imtahanları ilə bağlı narazılıqlar niyə çoxdur? - EKSPERT RƏYİ

Azərbaycanda 2023-cü ildə müəllimlərin işə qəbulu üzrə (MİQ) imtahanlar bitib. Bu il test imtahanlarında 47 571 namizəd iştirak edib.

Hər il olduğu kimi, bu il də imtahanlarla bağlı namizədlər arasında narazılıq var. Namizədlər imtahandan, sualların çətinliyindən və həcmindən, vaxtın azlığından narazıdırlar. Ümumiyyətlə, bu imtahanların keçirilməsinin effekti nədən ibarətdir və niyə bu qədər narazılıq mövcuddur?

Metbuat.az bu problemlərlə bağlı mütəxəssislərlə söhbətləşib. Təhsil eksperti Elçin Əfəndi MİQ imtahanlarının keçirilməsinin tərəfdarı olduğunu qeyd edir. Onun sözlərinə görə, namizədlərin iradları nəzərə alınmalı və gələcəkdə təkrarlanmamalıdır:

"MİQ imtahanları ilə bağlı hər il müəyyən fənlər üzrə müəllimlərin etirazını görürük. Bu il Azərbaycan dili və bəzi fənlərlə bağlı etirazlar var. Namizədlərin gətirdiyi əsas səbəb odur ki, elan olunan çərçivədən kənar suallar və ya mövzular düşür. Nəticə etibarilə onlar həmin sualları yaza bilmirlər, ya da sualların həcmi böyük olduğu üçün vaxt çatdıra bilmirlər. Bütün bunlar hamısı müvafiq qurum tərəfindən xüsusi irad kimi qeyd olunmalı və gələcək illərdə həll edilməlidir.

MİQ imtahanları lazımlıdır, keçirilməlidir. Biz hələ o dövrdə deyilik ki, MİQ-siz, ümumi ortalama ilə tələbələri işə qəbul edək. O ideal cəmiyyət hələ formalaşmayıb. Mövcud iradlar nəzərə alınmalı və suallar tərtib olunmalıdır".

MİQ imtahanlarından danışan ekspert Adil Vəliyev də eyni fikirdədir. O həm MİQ, həm də sertifikasiya imtahanlarının keçirilməsinin tərəfdarı olduğunu deyib. Ekspert bu qərarı təhsil adına uğurlu bir addım kimi qiymətləndirir:

"Çünki MİQ imtahanından əvvəlki dönəmlərdə müəllimlərin necə işə götürüldüyünün hamımız şahidi olmuşuq, xəbərimiz var. Bilirik ki, işə qəbul çox zaman tanışlıqla, kimlərinsə zəngi ilə, ya da rüşvətlə olub. Elm və təhsil nazirinin də dediyi kimi, orada kifayət qədər saxta diplomla işləyən müəllimlər var.

"Məktəblərdə təhsil niyə yaxşı deyil?" sualını tez-tez veririk. Düşünürəm ki, əsas səbəblərdən biri məhz MİQ imtahanı ilə işə götürülməyən müəllimlərdir.

Sertifikasiya imtahanının olması da çox gözəl addımdır. Çünki bizə kifayət qədər savadlı, təcrübəli müəllimlər lazımdır. Sertifikasiya imtahanı vasitəsilə savadlı müəllimlərin işdə qalmasına, maaşların artmasına, dərs saatlarının artmasına, yəni, özlərini bir az daha kəşf etmələrinə şərait yaranır. Digər qism müəllimlər var ki, onlar sertifikasiya imtahanı nəticəsinə görə işdən uzaqlaşdırılacaqlar. Bu da həmin məktəblərdə vakansiyanın yaranmasına müəllimliyə namizəd olan şəxslərin tapmasına kömək edəcək".

Adil Vəliyev qeyd edir ki, imtahanda müəllimlər suallardan narazılıq edirlər. Nazirlik bu yöndə tənqidlərə nəzər yetirməlidir:

"Mən düşünürəm ki, bu, haqlı narazılıqdır. Çünki biri var bir fənndən narazılıq olsun, biri var bütün fənlərdən. Bundan başqa, həm az, həm də yüksək bal toplayan müəllimlər narazılıq edir. Hətta bəzi sualların tərtibinin düzgün olmadığını bildirən müəllimlər var. Yəni MİQ sualları olimpiada sualı deyil, müəllimlər olimpiada müəllimi deyil, orta məktəbdə dərs keçəcəklər".

Edilən dəyişikliklə narazılıqların aradan qalxa biləcəyi ehtimalına gəlincə, ekspert əlavə edib:

"Qaydalarda kimi dəyişiklik olur olsun, yenə bu etirazlar aradan qalxmayacaq. Etiraz həmişə olacaq. Sualları ən asan formada eləsələr, müəllimlərin hamısı demək olar ki, yüksək bal yığacaq. Bu dəfə deyəcəklər suallar çox asan idi.

Suallar orta səviyyədə olsun ki, müəllim namizədlər müəyyən bir balı toplaya bilsinlər. Bu qədər qarışıq suallar olmalı deyil. Hazırda düşünürəm ki, bizim üzərimizə düşən, əgər təhsilimizi daha da inkişaf etdirmək istəyiriksə, Elm Təhsil Təhsil Nazirliyinin MİQ imtahanı sertifikasiya imtahanının doğru olduğunu ictimaiyyətə bildirməkdir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR