Fuat Oktay Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Metbuat.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

    Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyub.

    Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

    Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

    "Türk şəhidliyi” abidəsinin Türkiyə və Azərbaycan qardaşlığının ən böyük nişanəsi olduğunu vurğulayan Fuat Oktay bildirib ki, bu müqəddəs məkanda uyuyan türk şəhidləri Qafqaz İslam Ordusunun mərd əsgərləri kimi azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşub və hamının qəlbində ölümsüzlüyə yol açıblar. Vurğulanıb ki, uğrunda şəhidliyə ucaldıqları torpaq naminə birgə mübarizə Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğumuzu nümayiş etdirib. “Azərbaycanlılar da Çanaqqala müharibəsində bizim yanımızda olublar və qəhrəmancasına döyüşüblər. Bir əsr bundan əvvəl göstərilən qəhrəmanlıq və fədakarlıq Azərbaycanın 44 günlük haqq savaşında da təkrarlanıb. Bu amillər bizi əbədi olaraq bir-birimizə bağlayıb”, - o qeyd edib.

    Sonra şəhidlərin xatirəsinə dualar oxunub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR