Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat

İyul ayının 19-da Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

Müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, bu istiqamətdə görülən sistemli işlərdən bəhs edərək, paralel olaraq yenidənqurma və bərpa işlərində birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da yaxından iştirak etdiyini xüsusilə vurğulamışdır.

Baş prokuror ötən yarımildə cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Baş idarənin Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə effektiv və səmərəli fəaliyyət göstərdiyini vurğulamışdır.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri və digər əhəmiyyətli məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarəyə vətəndaşların 5387 müraciəti daxil olmuşdur.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülmüşdür.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 118 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.

Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 531 vətəndaşın qəbul edilməsi təmin edilmişdir ki, bunlardan 95-i Baş İdarə rəisi, 107-si Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, 329-u isə növbətçi prokurorlar tərəfindən qəbul olunmuşdur.

Qeyd edilən müddət ərzində Baş İdarədə 203 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 166 (82%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 37 (18%) material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir.

Əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılmış, keçirilmiş 19 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanmış, habelə axtarışda olan 18 nəfər saxlanılmışdır.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 218 şəxs barəsində 144 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Həmin işlərdən 18 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.

Hesabat yarımili ərzində Baş idarə tərəfindən görülən tədbirlər nəticəsində özgə əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatının ödənilməsi təmin olunmuş, belə ki, dövlət mülkiyyətinə vurulmuş 19 milyon 4 min 029 manat ziyanın 7 milyon 160 min 911 manatı xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilmişdir.

Habelə, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 1 milyon 849 min 526 manat məbləğində pul vəsaitinin ödənilməsi və zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 578 min 752 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.

Qeyd edilmişdir ki, hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), həmin təşkilatın Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla bey¬nəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilmişdir.

Baş prokuror Kamran Əliyev müşavirə zamanı çıxış edərək vətəndaşların müraciətlərinə baxılması, xüsusilə “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi işində yaxından iştirak etmə, prokuror təsir tədbirlərinin geniş tətbiqi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması, zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsinə dair göstərişlərini vermişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR