Prezident Şuşa şəhər xəstəxanasının binasında tikinti işləri ilə tanış olub

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Metbuat.az xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verildi.

    Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

    Məlumat verildi ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.

    Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

    Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.

    Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.

    Qeyd edək ki, əhalinin sağlamlığı daim dövlət başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Təməli qoyulan Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı