İlham Əliyev Şuşada görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

    Bildirildi ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunun nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.

    Qeyd olundu ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.

    Bildirildi ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.

    Qeyd edildi ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

    ***

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunda səfərdədir.

    Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR