"​TikTok" rəsmiləri Azərbaycana gəldi - Nə müzakirə edilib?

Ötən gün "TikTok"un Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiyalar rəhbəri Kristina Yeremeyeva ve məsul nümayəndə Yekatrina Romanova Bakıya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib. O bildirib ki, Azərbaycanda "TikTok"un auditoriyası genişləndikcə qurum rəsmilərinin də Azərbaycan bazarına marağı artır.

"Qurum rəsmiləri Azərbaycanda 3 milyondan çox üzvü olan bu sosial media resursunun reputasiyasını yaxşılaşdırmaq istəyirlər. "TikTok" rəsmiləri bildirdilər ki, Azərbaycan hansısa sorğu müraciət olmadan ən çox zərərli kontentin qurum tərəfindən silindiyi 50 ölkənin içərisindədir. Bildiyim qədər "TikTok" rəsmiləri ölkəmizdə bir xeyli görüşlər keçiriblər. Son 20 illik dövrdə xatırlamıram ki, digər qlobal sosial media resursların rəhbərləri bu qədər Azərbaycana diqqət göstərsinlər.

Görüşdə əsasən, uşaqların və yeniyetmələrin təhlükəsizliyi, valideynlərin rəqəmsal savadlığının artırılmasına dəstək, Azərbaycandilli faydalı kontentin, gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək, "TikTok"un Azərbaycanla əlaqələrinin gücləndirilməsi, əlçatanlıq, bu platformada zərərli və qanuna zidd kontentin qarşının alınması mexanizmləri, şəbəkənin marketinq alətlərindən biznes və tanıtım üçün, startap ekosistem üçün effektiv istifadəyə dəstək və s. barədə danışılıb".

Osman Gündüz əlavə edib ki, "TikTok"un zərərli təsirlərinin minimuma endirilməsi və faydalı resursların artırılması, biznes, marketinq və tanıtım imkanlarından, faydalı tərəflərindən istifadənin gücləndirilməsi doğru olardı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR