“Şöşü” medal aldığı üçün onu tənqid edənlərə cavab verdi - FOTO

“Bozbash Pictures” komediya layihəsində “Şöşü” obrazı ilə yadda qalan tanınmış aktyor Ramil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Milli Mətbuat Günü münasibətilə “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edilməsindən danışıb.

Metbuat.az xəbər verir ki, R.Babayev pravda.az-a müsahibəsində bu məsələni müzakirə obyektinə çevirənlərə belə cavab verib:

“Mən “Şöşü” obrazını canlandıranda da ATV kanalında “Komando” hərbi layihəsinin rəhbəri idim. “Şöşü”nü oynamaq o demək deyil ki, mən başqa iş görə bilmərəm. “Şöşü” sadəcə bir obrazdır, amma hərbi veriliş bizim Vətənimizin mərd igidlərini düşmənə göstərmək üçündür ki, görsünlər, necə oğullarımız var. “Komando” verilişi 16 ildir var. Mən də 16 ildir bu verilişin layihə rəhbəriyəm. Əvvəl aparıcım var idi, amma iki ildir artıq “Komando”nu özüm aparıram. “Youtube”da da baxa bilərlər ki, “Komando” verilişi necə, hansı əziyyətlərlə hazırlanır. Hərbçilərimizin xidmətlərini, əziyyətlərini xalqa göstəririk, onlarla qürur duyuruq. Təltif olunduğuma görə tənqid edən jurnalistlər, deməli, yaxşı jurnalist deyillər. Onlar bilmirlər ki, “Şöşü” deyil, Ramil Babayevdir və “Şöşü” onun obrazıdır. Ramil Babayev isə bir neçə işlə məşğuldur. Eyni qaydada da hərbi veriliş aparıram, sevə-sevə özüm montaj edirəm. Ola bilsin, ya bunu bilmirlər, ya da qısqanclıqdan yazıblar. Dövlət Sərhəd Xidməti çox sağ olsun ki, əziyyətimizi layiqincə qiymətləndirdi”.

Qeyd edək ki, aktyorun təltifi bəzi media nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR