Azərbaycan mətbuatının bu günü - Baş redaktorlar danışdı

Bu gün əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatının 148 ili tamam olur.

Metbuat.az Milli Mətbuat Günü və mətbuatımızın hazırkı durumu ilə bağlı baş redaktorlarla danışıb. Həmin fikirləri təqdim edirik:

"Oxu.az" saytının baş redaktoru Ülvi Səfərov:

"Mətbuat heç vaxt olmadığı qədər dinamikdir. Bəzən 24 saat xəbər vermək üçün bəs etmir. Amma xəbərlərin hazırlanması, üslub və mahiyyəti fərdə görə dəyişir. Həm oxucu, həm də xəbəri hazırlayan jurnalistə görə. O ki qaldı ümumi yanaşmaya, jurnalistika üçün ancaq və ancaq yaxşı şeylər arzulaya bilərik. Ümid edirik ki, xəbər yükü olan, ictimai-siyasi həyatda söz sahibi olan qurumlar və şəxslər daha çox əlçatan olacaq. İstənilən halda arzu və istəklərimiz medianın daha da inkişaf etməsi istiqamətindədir".

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə:

"Bayramı təkcə tort kəsmək, çalıb-oynamaqla qeyd etmək düzgün deyil. Peşə bayramları fəaliyyətimizi saf-çürük etmək üçün bir fürsətdir. Hesab edirəm ki, hər bir peşə sahibi, o cümlədən jurnalistlər bayram ərəfəsində fəaliyyətlərinə nəzər salmalıdırlar. Bu yanaşma tənqidi olmalıdır.

İP uğrunda amansız rəqabət tədricən peşəkarlığı arxa plana keçirir. Oxucu "ovlamaq" üçün qeyri-peşəkar ənənələrə baş vurmaq düzgün deyil. Kütlənin arxasınca sürünmək mətbuatın vəzifəsi deyil. Mətbuat maarifləndirici missiyasından uzaq düşməməlidir. Adını saytlarda oxuduğum Afət, Nəfəs, Türkan kimi gərəksiz müğənnilərin ayaqqabılarının ölçülərindən yazmaqla cəmiyyəti irəli aparmaq olmaz.

Mətbuatın məmurlardan aslılığına birdəfəlik son qoymaq lazımdır. Bunun yolu isə güclü maddi-texniki bazaya sahib olmaqdan, yüksək gəlir əldə etməkdən keçir. Jurnalist yüksək nəvacib almalıdır ki, onun gözü kiminsə əlində olmasın".

"Azxeber.com" saytının baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli:

"Azərbaycan mətbuatının ən böyük problemlərindən biri qeyri-peşəkarlıqdır. Sevindirici haldır ki, Medianın İnkişafı Agentliyi yaradıldıqdan sonra mətbuat sahəsində islahatlara start verildi. Bu islahatlara cavab olaraq mətbuatımızın saflaşması, sağlamlaşması istiqamətində işlər apardı. Bu gün media haqqında qanunun qəbul edilməsi, media reyestrinin yaradılmasından sonra biz müşahidə edirik ki, Azərbaycan mətbuatında peşəkar media qeyri-peşəkarlardan ayrılmağa başladı. Eyni zamanda media reyestrinə daxil edilən xəbər saytları da öz fəaliyyətlərini məhz peşəkarlıq meyarları əsasında qurmaq istiqamətində işlərini davam etdirirlər.

Bu gün mətbuatın durumuna baxanda sosial media və sosial şəbəkəni kənara qoya bilmərik. Çünki artıq faktdır ki, sosial media mətbuatla eyni səviyyəyə yüksəlir. Sosial şəbəkələrdə yayılan dezinformasiyalar mətbuatın daha da ciddi işləməsinə əsas verib. Bu baxımdan sosial şəbəkələrin inkişafı ilə mətbuatın inkişafı eyni səviyyədə davam edir.

Deyə bilərəm ki, Azərbaycan mətbuatı da öz fəaliyyətini sosial media üzərində yüksək səviyyədə qurmağa çalışıb. Prezident İlham Əliyev də çıxışında sosial medianın fəaliyyətinə dəyər verdi və xəbərləri sosial şəbəkələrdən aldığını bildirdi. Bu həm də müstəqil media və azad sözə verilən dəyərin göstəricisi oldu. Azərbaycan mediası Vətən müharibəsindən üzüağ çıxan mediadır və cəmiyyətin gözləntilərini qarşılayan media kimi növbəti ilinə qədəm qoyur. Fürsətdən istifadə edib bütün media nümayəndələrini bu gün münasibətilə təbrik edirəm".

"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov:


"Biz Azərbaycan mediasının inkişafından danışmazdan əvvəl onun olduğu yer və harada dayanması, bundan sonra hara gedəcəyi haqqında danışmalıyıq. Yolu seçəndən sonra həmin yolda nə qədər irəli getmək haqqında söz açmaq olar. Subyektiv fikrimcə, biz hələ istiqamətimizi seçməmişik. Ümid edirəm ki, irəliyə doğru olan yolları seçəcəyik. Biz dünyanın qabaqcıl media təcrübələrini daha yaxından öyrənməli, tətbiq etməliyik. Bunu edən milli redaktor korpusu olmalıdır. Bunun üçün milli redaktor məktəbi olmalıdır. Həmin insanlar qabaqcıl və ənənəvi təcrübələri öyrənib Azərbaycanda tətbiq etməlidirlər. Bunun üçün vaxt və zəhmət lazımdır. Azərbaycan mediasına inanıram. Düşünürəm ki, mütləq bu işi canı qədər sevən insanlar var, onlar bütün hallarda bu sahənin inkişafı üçün əllərindən gələni edəcəklər".

"Bakıvaxtı.az" saytının baş redaktoru, "Həsən bəy Zərdabi" mükafatçısı Qalib İbrahimoğlu:

"Azərbaycan Milli Mətbuatı 148 ilini tamamladı. 148 ildə böyük və şərəfli bir yol keçən Azərbaycan mediası xalqımızın inkişaf tarixində özünəməxsus yer tutur. Əsası görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur.

Danılmaz faktdır ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının inkişafı məsələsi daim diqqət mərkəzindədir. Dövlət mətbuatın inkişafı üçün bütün addımları atır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, sonradan isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalaması və onun əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılması ölkədə mətbuatın inkişafı istiqamətində atılan addımlardandır.

Bu gün Azərbaycan jurnalistləri dünya media sahəsində çalışanlardan sosial-mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətinin ən zəruri addımlar atdığı qələm sahibləri kimi fərqlənirlər. Xatırlatmaq yerinə düşər ki, 2013-ci və 2017-ci illərdə olmaqla iki bina tikilib Azərbaycan jurnalistlərinin ixtiyarına verilib. 3-cü bina isə artıq tam hazırdır. Bəzən bu binanını taleyi ilə bağlı müxtəlif söz-söhbətlər gəzir. Ancaq ümidvaram və əminliklə inanıram ki, Azərbaycan Prezidentinin verəcəyi qərarla yenə də dostlarının – jurnalistlərin yanında olacaq.

Bütün bunlarla yanaşı, mətbuatımız da müəyyən problemlərlə üzləşir. Birinci növbədə reklam bazarı ilə bağlı problem mətbuatın işinə mənfi təsir göstərir. Ancaq, inanaq ki, yaxın gələcəkdə mətbuatımızlın bu problemi də həllini tapacaq.

Təbii ki, jurnalistika inkişaf etdikcə, bu sahədə qanunvericiliyin də dəyişməsini zəruri edir. Elə buna görə də, 1992-ci ildən qüvvədə olan, zaman-zaman dəyişikliyə məriz qalan “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun dəyişilməsinə ehtiyac vardı. Artıq yeni “Media haqqında” qanunumuz var.

Ölkə mətbuatının inkişafı təkcə dövlətin deyil, bu sahədə çalışan bütün jurnalistlərin də vəzifəsidir. Odur ki, hamılıqla səy göstərib yorulmadan, usanmadan Azərbaycan mətbuatını daha da irəli aparmalıyıq. Prezident İlham Əliyevin dediyi kimi, “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. Bu sərvəti qoruyaq. Bu dəyəri qiymətləndirək.

Bir daha ölkə jurnalistlərini Milli Mətbuatımızın 148 illiyi münasibətilə ürəkdən təbrik edir, hər birinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

"Metbuat.az" saytının baş redaktoru Ramil Mirzəyev:

"Əkinçi" qəzetinin nəşr edilməsi ilə təməli qoyulan Azərbaycan mətbuatı 148 yaşını qeyd edir. Çətin və keşməkeşli yollardan keçən mətbuatımız artıq yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin qısa müddət ərzində gördüyü işlər öz bəhrəsini verməyə başlayıb. Sevindirici haldır ki, çap mətbuatına, eləcə də onlayn mediaya verilən dəstək və onların inkişafı məqsədilə görülən işlər nəticəsində mətbuatımızın müasir trendlərlə ayaqlaşmağa başladığını, peşəkarlığının artdığını görmək mümkündür.

Ümid edirəm ki, aparılan davamlı islahatlar nəticəsində mətbuatımız daha da inkişaf edəcək, hər zaman cəmiyyətin informasiyaya olan ehtiyacını operativ və qərəzsiz şəkildə qarşılayacaq. Milli Mətbuat Günü münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, onlara bu məsuliyyətli peşə fəaliyyətində uğurlar arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı