Ali Attestasiya Komissiyasının ləğvi ilə bağlı fikirlərə professordan REAKSİYA

Ötən günlərdə Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib. Belə ki, onun saxta elmi adlar satdığı aşkarlanıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunub. Ali Attestasiya Komissiyasının işi tənqid edilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov bildirib ki, bir nəfərə görə Komissiyanın işini bu cür tənqid etmək düzgün deyil. Onun fikrincə, bu tənqidlər qarayaxmadır:

"Hesab edirəm ki, son həftələr ərzində Ali Attestasiya Komissiyasının işi ilə bağlı mətbuatda müxtəlif açıqlamalar verilir ki, onların tam əksəriyyəti qərəzli məzmunludur. Zənnimcə, bu, təşkil olunmuş bir kampaniya şəklində reallaşdırılır. Belə ki, bir sıra dövlət ali məktəblərində elmi işlərin, dissertasiyaların hazırlanması, müdafisi ilə bağlı problemlərin olması real elmi tədqiqatlarla deyil, müəllimlərin daha çox inzibati işlərdə olması ilə bağlıdır. Universitetlərdə müvafiq vəzifə tutma halları, fikrimcə, bir çox universitet əməkdaşlarının elmdən uzaq olmasına, onların tədqiqatlarında çox ciddi problemlərə səbəb olur. Hətta onların tədqiqatlarının özləri tərəfindən yazılıb-yazılmaması ilə bağlı ciddi suallar var və bu sualların olması nəticədə Ali Attestasiya Komissiyasında onların diplom almaları ilə bağlı problemlərlə üzləşmələrinə şərait yaradır. Çünki Attestasiya Komissiyasında son illər ərzində şəffaflıqla bağlı, qanunun aliliyi ilə bağlı sistemli islahatlar həyata keçirilib. Məlumdur ki, Komissiyanın son beş ilə yaxın müddət ərzində yeni rəhbərliyi mövcuddur. Prezident tərəfindən komissiya rəhbərliyində aparılan dəyişikliklər öz müsbət nəticələrini verib. 2019-cu ildən elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı yeni qaydalar qüvvədədir".

Professor qeyd edib ki, bir nəfərin qanunsuz əməllərinə görə, Komissiyanın adına ləkə vurmaq düzgün deyil. O, Ali Attestasiya Komissiyasının ləğv edilərək bu səlahiyyətin universitetlərə verilməsi ilə bağlı fikirlərlə razılaşmadığını bildirib:

"Zənnimcə, hər hansı bir şəxsə açılan cinayət işi ilə bağlı məsələ bütövlükdə böyük bir qurumun inkişafına, fəaliyyətinə ləkə sala bilməz. Azərbaycan qanunun aliliyi təmin olunmuş bir dövlətdir. Mən hesab edirəm ki, hər hansı bir fərd, hər hansı bir şəxs cinayət məsuliyyəti törədibsə, məhkəmə həmin şəxsin cəzalandırılması ilə bağlı öz müvafiq qərarını verəcək. Amma bu o demək deyil ki, bu qədər sistemli şəkildə fəaliyyət göstərən, neqativ hallara qarşı effektiv mübarizə aparan bütöv bir quruma, hansısa elmdən uzaq adamlar qarayaxma kampaniyası aparsınlar.

Ona görə də, fikrimcə, sistemli şəkildə bu məsələrlə mübarizə aparan bir qurumun fəaliyyəti kimlərsə tərəfindən şübhə altına qoyulur. Bununla da Azərbaycanda elmin, təhsilin inkişafına zərbə vurmuş olurlar. Komissiyanın lazımsız olması, elmi dərəcələr və elmi adların universitetlər tərəfindən verilməsi ilə bağlı müxtəlif fikirlər var. Bu isə qısa müddət ərzində Azərbaycanda elmdən tamamilə uzaq olan insanların professor, dosent, elmlər, fəlsəfə doktorları kimi özlərini təqdim etmələrinə səbəb olacaq. Bu Azərbaycan elmi, təhsili üçün, fikrimcə, bir fəlakət ola bilər".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR