Ağdam - Hindarx - Ağcabədi avtomobil yolu yenidən qurulur - FOTO

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aprılan işlər davam etdirilir. Bu istiqamətdə respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu yenidən qurulmasına start verilib.

Metbuat.az xəbər verir ki, 45 km uzunluğa malik sözügedən yol Ağdam və Ağcabədi rayonlarını birləşdirir. II texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 15, hərəkət hissəsinin eni 2 zolaqdan ibarət olmaqla 2x3,75=7,5 metr təşkil edəcək.

    Avtomobil yolunun 0-21-ci km hissəsində torpaq işləri artıq yekunlaşıb. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, hissə üzrə suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür.

    Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşaası aparılacaq.

    Qeyd edək ki, yolun 0-8-ci kilometrləri arasında tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də yerinə yetirilir.

    Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR