​Azərbaycan Milli İncəsənət Muzeyində Xalq artisti Ofeliya Sənani ilə görüş keçirilib - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli diktor və televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində müxtəlif mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər keçirilir. Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Riad Cəbrayılov bildirib ki, ölkəmizdə reallaşdırılan irimiqyaslı mədəniyyət layihələri, festival və tədbirlər dövlət tərəfindən bu sahəyə ayrılan yüksək diqqətin təcəssümüdür.

Daha sonra Xalq artisti Ofeliya Sənani geniş təqdimatla çıxış edib. Görkəmli diktor çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğıdan söhbət açıb. O diqqətə çatdırıb ki, onun səhhətində ciddi problemlərin olduğu dövrdə Ulu Öndər onunla şəxsən maraqlanıb, müalicəsini daim nəzarətdə saxlayıb. Görüş müddətində həmçinin Ofeliya Sənaninin həyat və yaradıcılığına aid arxiv kadrlar nümayiş etdirilib.

Tədbir “Azərbaycan televiziyasının və milli mətbuatın inkişafında Heydər Əliyev amili”, “Müasir publisistika sahəsində gənclərin maarifləndirilməsi və inkişaf perspektivləri” və “Müasir televiziyanın günümüzdə nüfuzu və cəmiyyətə təsiri” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandirilib.

Görüşün bədii hissəsində respublika və beynəlxalq müsabiqələr laureatları Ləman Əsədova, Emil Yusifov, Səbinə Eldarlı və Gülnaz Eldarlının ifasında milli və xarici klassik musiqi nümunələri təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR